İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında institutun böyük elmi işçisi, Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Rəqəmsallaşdırma, Sənaye və Kosmos sahəsində milli əlaqələndirici şəxs, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov proqram haqqında məlumatlandırıcı təqdimatla çıxış edib.
M.Həşimov 2021-2027-ci illəri əhatə edən tədqiqat və innovasiya proqramı olan “Horizon Avropa”nın gələcəyi formalaşdırmaq üçün sərmayə qoyuluşu imkanları təqdim etdiyini diqqətə çatdırıb. O, proqramın iqlim dəyişikliyinə uyğunlaşma, cəmiyyətdə dəyişiklik, xərçəng xəstəliyi, təmiz okean, dəniz, sahil və daxili sular, neytral iqlimli və “ağıllı” şəhərlər, torpaq təmizliyi və qida təhlükəsizliyi kimi istiqamətləri əhatə etdiyini bildirib.
M.Həşimov institutun alim və mütəxəssislərinin digər Avropa Birliyi ölkələrinin tədqiqatçıları ilə birgə “Horizon Avropa”nın “Qlobal problemlər və Avropa sənaye rəqabətliliyi” istiqaməti üzrə bütün layihələrdə iştirak etməsi üçün imkanların yaradıldığını da vurğulayıb.
Məruzəçi həmçinin “Horizon Avropa”nın növbəti illər üçün iş proqramında təqdim olunan informasiya texnologiyaları üzrə layihə müsabiqələri barədə ətraflı məlumat verib, institut əməkdaşlarını təqdim olunan imkanlardan yararlanmağa çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.