Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında

19 Oktyabr 2022 - 15:25 | Mühüm hadisələr
Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında

2019-cu ildən başlayaraq hər ilin oktyabr ayında ABŞ-ın Stenford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Reytinq siyahısı, baş ofisi Amsterdam şəhərində yerləşən, dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan "Elsevier" şirkətinin "Scopus" bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı aşağıdakı meyarlar üzrə tərtib edilir və iki mərhələdə həyata keçirilir: İlkin seçim məhsuldarlıq göstəricisi əsasında aparılır. Belə ki, 1-ci mərhələdə ən azı 5 məqaləsi "Scopus" bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdəki seçim isə keyfiyyət göstəriciləri əsasında aparılır. Keyfiyyət göstəriciləri dedikdə, istinadların ümumi sayı, özünə istinadlar nəzərə alınmadan istinadların sayı, h-indeksi (Hirş indeksi), hm-indeksi (çoxmüəllifli məqalələr üçün h-indeksi), təkmüəllifli məqalələrə istinadların sayı, birinci müəllifi olduğu məqalələrə istinadların sayı və s. nəzərdə tutulur. Sonra bu göstəricilər əsasında ümumiləşmiş (kompozit) indikator hesablanır və alimlər bu indikatora nəzərən ranqlaşdırılılr. Ranqlaşdırmadan sonra ilk 2%-ə daxil olan alimlərin reytinq siyahısı tərtib edilir. Qeyd etmək lazımdır ki, ranqlaşdırma 22 elm sahəsinin hər biri üzrə ayrılıqda aparılır.

2022-ci ilin siyahısına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxlu sayda soydaşlarımızın adı daxil edilmişdir. Bu reytinq siyahısında ölkəmizi 6 elm sahəsi üzrə 14 alim təmsil etmişdir ki, onlar da 8 təşkilatın nümayəndəsidir.

Belə ki, informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə ölkəmizi 2 alim təmsil edir. Bu alimlər AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir.

Fizika və astronomiya sahəsində 3 alimin adı bu siyahıya daxil edilmişdir. Bunlardan, fizika elmləri doktoru Sakin Cabarov və fizika elmləri üzrə fəlsəfə doktoru Tural Nağıyev  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), fizika elmləri doktoru Elçin Hüseynov isə Radiasiya Problemləri İnstitutunun əməkdaşıdır.

Kimya sahəsində ölkəmiz 4 alimlə təmsil olunmuşdur. Bunlar akademik Abel Məhərrəmov, kimya elmləri doktorları Kamran Mahmudov və Ataş Qurbanov (hər 3-ü Bakı Dövlət Universitetinin əməkdaşıdır) və Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıdır.

Riyaziyyat sahəsində bu siyahıya Bakı Dövlət Universitinin əməkdaşı, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin adı daxil edilmişdir.

Energetika sahəsində adı reytinq siyahısında olan alimlərimiz, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşlarıdır.

Mühəndislik sahəsində ölkəmizi təmsil edən alimlər -  Rəsul Moradi (Rasoul Moradi) Xəzər Universitetində, Con Monhemius (John Monhemius) isə Azərbaycan Beynəlxalq Dağ-Mədən Şirkətində (Azerbaijan International Mining Company Limited) fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.