Kiber-fiziki sistemlərdə anomaliyaların aşkarlanmasına həsr olunmuş məruzə IEEE konfransında müzakirə edilib

20 Oktyabr 2022 - 10:44 | Konfranslar, İclaslar
Kiber-fiziki sistemlərdə anomaliyaların aşkarlanmasına həsr olunmuş məruzə IEEE konfransında müzakirə edilib

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat və institutun magistrantı Ayxan Məmmədovun həmmüəllifi olduqları “BiGRU-VAE əsasında kiber-fiziki sistemlərdə anomaliyaların aşkarlanması” (“Anomaly detection in cyber-physical systems based on BiGRU-VAE”) adlı məruzə 12-14 oktyabr 2022-ci il tarixlərində ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun, Azərbaycan Diplomatik Akademiyasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə təşkilatçılığı “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 16th IEEE International Conference Application of Information and Communication Technologies, 12-14 Oct 2022) mövzusunda keçirilən 16-cı beynəlxalq konfransda təqdim olunub.

Konfransda çıxış edən A. Məmmədov diqqətə çatdırıb ki, kiberhücumlar şəraitində kiber-fiziki sistemin (KFS) düzgün işləməsini təmin etmək üçün sistemə müdaxilə edənlərin sistemə hücumlar etmək cəhdləri nəticəsində sistemin işində yaranan anomaliyaları vaxtında aşkar etmək lazımdır. Anomaliyaların aşkarlanması metodu kiberhücumların təsir növünə görə dəyişməz olmalıdır və anomaliyaların mövcudluğu olub və ya olmamasını göstərəcək dəyərə malik olmalıdır.

KFS anomaliyaların yüksək dəqiqliklə tanınması üçün neyron şəbəkələrinə əsaslanan maşın təlimi üsulu işlənib. İşlənmiş metodun elmi tədqiqatlar üçün açıq olan verilənlər bazası üzərində test edilməsi zamanı mövcud metodlarla müqayisədə yüksək nəticələr əldə edilib.

Xatırladaq ki, “The 16th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2022)” konfransının məruzələr toplusu “Web of Science”, “Scopus”, ACM, INSPEC, DOAJ, DPLP, EBSCO və s. beynəlxalq bazalarında indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.