AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) bağlanış mərasimində çıxış edib.
Akademik Azərbaycan dövlətinin elm və təhsil sahəsinin inkişafına göstərdiyi dəstək barədə danışıb, o cümlədən konfransın müxtəlif ictimai platformalarda geniş müzakirələrə səbəb olduğunu, tədbirin əhəmiyyətinin vurğulandığını diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti bu mötəbər beynəlxalq konfransın iki vacib məqsədə – Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsinə xidmət etdiyini bildirib. Akademikin sözlərinə görə, konfransda təqdim olunan məruzələrdə tərəfdaş ölkələrdə aparılan əhəmiyyətli tədqiqatların nəticələri ilə bağlı ətraflı məlumat verilib, bu tədqiqatlarda süni intellekt, IV sənaye inqilabı və qlobal çağırışlara cavab verən yüksək texnologiyalar, bulud texnologiyaları, mobilliyin önəmi nümayiş olunub.
R.Əliquliyev konfransın fəaliyyət istiqamətlərinin Azərbaycanda müvafiq sahədə mövcud olan problemlərə fokuslandığına diqqət çəkib. O, GEANT-ın baş direktoru Erik Huizerin konfransdan bir neçə gün öncə elm və təhsil sahəsi üzrə fəaliyyət göstərən rəsmi qurumlarda əhəmiyyətli görüşlər keçirdiyini, mövcud problemlərin həlli istiqamətində müzakirələrdə yaxından iştirak etdiyini, təkliflərini irəli sürdüyünü qeyd edib.
“Hesab edirəm ki, konfrans Azərbaycan üçün xüsusilə rəqəmsal transformasiyalar sahəsində yeni imkanlar yaradacaq”, - deyə R.Əliquliyev əlavə edib. Akademik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə elm və təhsil sahəsi üzrə fəaliyyət göstərən qurumların yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tərkibinə daxil edilməsi ilə AzScienceNet, AzEduNet və digər şəbəkə strukturlarının birgə fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Akademik həmçinin konfrans çərçivəsində Avropa İttifaqı və GEANT rəsmilərinin, tərəfdaş ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən bir sıra görüşlərdə bu ölkələrin müsbət təcrübələri haqqında məlumat verildiyini bildirib, Azərbaycanın bu təcrübələrdən bəhrələnəcəyinə əminliyini ifadə edib.
“Azərbaycan GEANT-ın “EapConnect” layihəsi çərçivəsində öz resurslarını səfərbər edəcək”, - deyən R.Əliquliyev Azərbaycanın GEANT Assosiasiyasının fəaliyyətində əhəmiyyətli rol oynayan ölkələrdən birinə çevrilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
İnstitutun baş direktoru Azərbaycan alimlərinin keyfiyyətli elmi-tədris təyinatlı onlayn kontentlərlə təminatı sahəsində mövcud olan problemlərdən də bəhs edərək Azərbaycan elm və təhsil ictimaiyyətinin nüfuzlu beynəlxalq elmi bazalara çıxışının təmin olunması, ali təhsil müəssislərinin davamlı olaraq müasir dövrün çağırışlarına adekvat olan tədris materialları ilə təchiz olunması, Avropa Birliyi ölkələrinin universitetləri, elmi mərkəzlərinin e-kitabxanalarına çıxışına icazənin verilməsi, distant tədris texnologiyaların ölkəmizə transfer olunmasına Avropa İttifaqı, GEANT tərəfindən dəstək göstərilməsinin vacib olduğunu qeyd edib.
Akademik R.Əliquliyev çıxışının sonunda Avropa İttifaqına, GEANT və “EaPConnect” layihəsinin rəhbərliyinə bu kimi mötəbər konfransın Azərbaycanda təşkilinə göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.