Sentyabrın 29-da Bakıda “JW Marriott Absheron Baku” hotelində “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) bağlanış mərasimi keçirildi.
Tədbirdə 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər, AMEA-nın elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də digər aidiyyəti şəxslər iştirak edirdilər.
Bağlanış mərasimində çıxış edən GEANT-ın ictimaiyyətlə əlaqələr üzrə baş direktoru Paul Roz belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd etdi. O, konfrans çərçivəsində iki gün ərzində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin aktual elmi problemlərə həsr olunmuş məruzələrinin dinlənildiyini söylədi, tədbirdə mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparıldığını vurğuladı.
Polşanın Poznan Superhesablama və Şəbəkələşmə Mərkəzinin Şəbəkə və Xidmət İnfrastrukturu Departamentinin rəhbəri Raimundas Tuminauskas tədbirin müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında əməkdaşlıq əlaqlərinin inkişafına mühüm töhfə verəcəyini dedi, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
R.Tuminauskas konfrans ərzində müxtəlif mövzular üzrə aparılmış səmərəli müzakirələr nəticəsində yeni elmi tədqiqatların və layihələrin əsasının qoyulacağına inamını ifadə etdi.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan bu mötəbər tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs etdi. Akademik qeyd etdi ki, tədbirin təşkilində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Akademik R.Əliquliyev konfrans ərzində elm və təhsil üçün böyük əhəmiyyət kəsb edən, qlobal çağırışlar və rəqəmsal transformasiyalar kontekstində Open Science, e-learning, Big Data, Cybersecurity, High-performance computing, Digital Humanities və s. kimi problemlərə dair məruzələrin dinlənildiyini diqqətə çatdırdı.
Akademik, həmçinin konfransın istiqamətləri üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinin həlli vacib məsələlərdən olduğunu dilə gətirdi.
İnstitutun baş direktoru “EaPEC 2022”nin uğurla başa çatdığını, tədbirin Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tədqiqatçıların Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi baxımından geniş imkanlar açdığını söylədi.
AMEA-nın vitse-prezidenti konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin ölkəmizdə bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
“EapConnect” layihəsinin meneceri İrina Metyu Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunduğu “EaPEC 2022” konfransının Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin yüksələn xətlə inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Sonda çıxış edən GEANT-ın baş direktoru Erik Huizer konfransa müxtəlif ölkələrin dövlət, elm və təhsil müəssisələrindən elmi məruzələrin təqdim olunduğunu söylədi. O, tədbirin “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq Elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər”, “İKT innovasiyaları: Əşyaların İnterneti, süni intellekt və avtomatlaşdırma”, “Yerin müşahidəsi və texnologiyadan ictimai istifadə”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya” və digər seksiya iclaslarında mühüm elmi problemlərdən və onların həll yollarından bəhs olunduğunu, ətraflı müzakirələrin aparıldığını diqqətə çatdırdı.
E.Huizer konfransın yüksək səviyyədə təşkilinə görə İnformasiya Texnologiyaları İnstitutuna, eləcə də digər müvafiq qurumlara dərin minnətdarlığını bildirdi.
“Ümid edirik ki, konfransdan sonra Azərbaycan və Avropa Birliyi arasında dayanıqlı elmi əməkdaşlıq əlaqələrinin təşkili istiqamətində ciddi uğurlar əldə olunacaq, müxtəlif fəaliyyət sferaları arasında inteqrasiya daha da dərinləşəcək” – deyə E.Huizer fikrini tamamladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.