Bakıda COIA VIII beynəlxalq konfransı keçirilir

24 Avqust 2022 - 15:58 | Konfranslar, İclaslar

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.

Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edəcək tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır.

“COVID-19” pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir.

Konfransın açılış mərasimində Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxış edərək ölkəmizdə milli intellektual potensialın artırılması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, elm, təhsil sahəsində ixtisaslı kadrların hazırlığı istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Nazir müavini “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfransının əhəmiyyətindən söz açaraq bildirib ki, uzun illərdir uğurla təşkil olunan, beynəlxalq tədbir statusu almış və böyük nüfuz qazanmış bu konfrans elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması kimi bir çox əhəmiyyətli məqsədlərə xidmət edir.

“Sevindirici haldır ki, 2018 və 2020-ci illərdə keçirilmiş konfransın materialları “Web of Science” bazasına daxil olub”, - deyə qeyd edən R.Rüstəmov bu il təşkil olunan konfransın da nüfuzlu bazalara daxil ediləcəyinə ümidvar olduğunu deyib.  

O, son illərdə Azərbaycanda təbii resurslardan asılı iqtisadiyyatdan innovasiyaya əsaslanan iqtisadiyyata keçid istiqamətində əhəmiyyətli işlərə imza atıldığını qeyd edərək cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyinin ifadə olunduğunu vurğulayıb. Yaradıcı və innovativ cəmiyyətə aparacaq yolda rəqəmsal transformasiyanın əsas amillərdən olduğuna diqqətə çəkən nazir müavini konfransın bəzi bölmələrinə təqdim olunan məqalələrin də birbaşa rəqəmsal realizasiyalarla bağlı olduğunu deyib.

Nazir müavini dünyanın 30-dan çox ölkəsindən 300-ə qədər məruzənin təqdim olunduğu beynəlxalq tədbirdə aparılacaq müzakirələrin ölkəmizdə rəqəmsal transformasiyanın həyata keçirilməsi işinə töhfə verəcəyinə, alimlərimizin konfransda dinləniləcək məruzələr əsasında Azərbaycanda elmtutumlu tətbiqi işlər aparacağına, sənaye və iqtisadiyyatımızın inkişafına dəstək göstərəcəklərinə inandığını bildirib.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elm və təhsil müəssisələri ilə əlaqələrin qurulmasının zəruriliyinə toxunub, bu istiqamətdə Bakı Dövlət Universitetinin fəaliyyətindən söz açıb. E.Babayevin sözlərinə görə, beynəlxalq əməkdaşlığı, dünyanın qabaqcıl universitetləri və elmi müəssisələri ilə əlaqələri inkişaf etdirmək və onların təcrübəsindən yaralanaraq elm və təhsil sahəsində innovasiyaların tətbiqinə nail olmaq BDU-nun inkişaf strategiyasında əsas prioritet məsələlərdəndir.

Universitetin rektoru hazırda BDU-da 16 fakültə, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, BDU-da təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək universitetin nəzdində fəaliyyət göstərən Rəqəmsal Tədqiqatlar Laboratoriyasının tədqiqat potensialının, tələbələrin elmi-tədqiqat imkanlarının artırılmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.

E.Babayev dünyanın müxtəlif ölkələrindən 500-dən çox alim və mütəxəssisin iştirak etdiyi konfransın yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar açaçağına əminliyini ifadə edib, konfransın işinə uğurlar arzu edib.

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov bugünkü konfransın müxtəlif ölkələr arasında elmi əməkdaşlığı daha da gücləndirməyə dəstək verəcəyinə inamını ifadə edib. Qeyd edib ki, artıq 6-cı dəfədir keçirilən konfransın müsbət nəticələrindən biri də ölkəmizdə optimal idarəetmə sahəsində böyük inkişafa, Azərbaycan alimlərinin digər ölkələrdən olan alimlərlə birgə məqalələrinin sayının artmasına, alimlərimizin nüfuzlu bazalara çıxışına öz töhfəsini verməsidir. Akademik Ə.Abbasov konfrans çərçivəsində dərin təlim metodu, süni intellektin tətbiqi ilə qərar qəbuletmə problemləri, qeyri-səlis metodların, neyron şəbəkələrin tətbiqi ilə idarəetmə məsələlərinin həlli, robot texnologiyaları, pilotsuz uçuş aparatları və s. müzakirəyə çıxarılacağını qeyd edib. Akademik əlavə edib ki, konfransın əsas töhfələrindən biri tədbir çərçivəsində aparılan müzakirələr nəticəsində əldə olunan nəticələrin sənayeyə təbiqi ilə bağlı sənaye müəssisələri üçün tövsiyələrin hazırlanmasıdır.

Açılış mərasimində həmçinin Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulin çıxış edərək elmi nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi, optimallaşdırma və idarəetmənin aspektlərindən bəhs edilib, beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.

Tədbir daha sonra sessiyalarla davam etdirilib.

Beynəlxalq konfransda ümumilikdə 293 məruzə dinləniləcək. Məruzələr “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, COIA konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb; 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda keçirilib. 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur.

Konfransda İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin də məruzələri dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.