AMEA-nın institut və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının yarımillik hesabatı keçirilib. Məruzələr elmi bölmələr üzrə təqdim edilib.
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi-tədqiqat müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuralarının 2022-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məlumat verilib. Qeyd edilib ki, 2022-ci ilin ilk 6 ayında gənc alim və mütəxəssislərin bölmə üzrə elmi nəşrlərinin ümumi sayı 203-ə bərabərdir, bunlardan 78-i konfrans materialıdır, 125 məqalədən 43-ü yüksək impakt faktorlu jurnallarda nəşr olunub. Hesabat dövrü ərzində bölmənin elmi-tədqiqat müəssisələrinin gənc alim və mütəxəssisləri tərəfindən ümumilikdə 21 elmi, 58 elmi-populyar məruzə edilib.
Eyni zamanda, bölmənin elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuraları tərəfindən bir sıra əhəmiyyətli tədbirlər keçirilib, müvafiq istiqamət üzrə tələbə və şagirdlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılıb. Hesabatda gənc alim və tədqiqatçıların beynəlxalq elmi tədbirlərdə iştirakı ilə bağlı ətraflı məlumat verilib.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova institutun gənc alimlərinin elmi və ictimai fəaliyyəti, nəşr edilmiş məqalə və tezisləri, eləcə də respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakına dair məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, institutun “TEKNOFEST Azərbaycan” aviasiya, kosmos və texnologiya festivalında yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb.
Həmçinin, FRTEB-də həyata keçirilən qrant layihələri, icra olunan dövlət proqramları, eləcə də tətbiqi və innovativ layihələr haqqında məlumat verilib. Elmi müəssisələrin gənc alim və mütəxəssislərinin 2 beynəlxalq, 11 ölkədaxili qrant layihələrində uğurla iştirak etdikləri bildirilib. Bölmə üzrə gənc alim və mütəxəssislərin təşəbbüsü və təşkilatçılığı ilə ümumilikdə 36 tədbirin keçirildiyi qeyd olunub.
Gənc alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən tədbirlər barədə də məlumat verilib. Qeyd olunub ki, hesabat dövrü ərzində bölmə üzrə 2 əməkdaş AMEA-nın Fəxri Diplomu ilə, ümumilikdə 12 nəfər isə institutdaxili sertifikat və diplomlarla mükafatlandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.