AMEA-nın gənc alimləri valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət ediblər

13 İyun 2022 - 11:16 | Mühüm hadisələr

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri “Sosial marafon” layihəsi çərçivəsində Suraxanı rayonu ərazisində yerləşən 2 saylı körpələr evində olublar.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova və gənc alimlər körpələr evində yerləşdirilmiş valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb, sığınacağa ərzaq məhsulları, geyim və oyuncaqlardan ibarət sovqat təqdim ediblər.

Bu dəfə fərqli formatda təşkil olunmuş görüşdə uşaqların yaş göstəriciləri nəzərə alınaraq, müxtəlif elmi-intellektual əyləncəli oyunlar keçirilib. Azyaşlı uşaqların maraq dairəsinə uyğun olaraq, köpük şou və “face art” təşkil edilib. Kloun və çizgi film personajlarının təqdim etdikləri əyləncəli proqramlar uşaqların böyük marağına səbəb olub. Böyük yaş qrupları üçün isə fizika elminə dair elmi təcrübələr nümayiş etdirilib və intellektual oyunlar keçirilib.

Qeyd edək ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri bundan əvvəl Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinə yerləşdirilmiş uşaqlarla da görüşüblər. Bu kimi əhəmiyyətli görüşlərin müntəzəm şəkildə keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.