AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üçün strateji məsələlər müzakirə olunub

30 Mart 2022 - 12:51 | Konfranslar, İclaslar

Martın 29-da İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşüb.

Tədbiri giriş sözü ilə akademik Arif Həşimov açaraq FRTEB-in ötən illər ərzində həm respublikamızın, həm də Azərbaycan elminin inkişafına mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, bölmənin müəssisələrində daim dövrün tələblərinə uyğun prioritet tədqiqatlar aparılıb və hər il əldə olunan nəticələr yüksək qiymətləndirilərək AMEA-nın illik hesabatlarında əksini tapıb.

FRTEB-in müəssisələrinin bu gün də öz elmi potensialını qoruduğunu və Akademiyanın əsas bölmələrindən biri olduğunu deyən akademik Arif Həşimov zamanın çağırışlarına uyğun prioritet tədqiqatların aparılması ənənəsinin hazırda da FRTEB-də davam etdirildiyini vurğulayıb.

UNESCO-nun qərarı ilə 2022-ci ilin Beynəlxalq İnkişaf üçün Fundamental Elmlər İli elan olunduğunu xatırladan akademik bildirib ki, fundamental elmi tədqiqatlar davamlı inkişafın təmin edilməsində həlledici rol oynayır və indiki halda həm ölkəmizin, həm də Azərbaycan elminin gələcəyi naminə fundamental araşdırmalara təkan verilməlidir.

Akademik Arif Həşimovun sözlərinə görə, bu gün yeni texnologiyaların yaranmasında və inkişafında mühüm əhəmiyyətə malik olan fundamental tədqiqatlarla bağlı təkliflər yeni hazırlanan “Azərbaycan Respublikasının 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişaf strategiyası”nda da öz əksini tapmalıdır. FRTEB tərəfindən sözügedən sənədin hazırlanması üçün prioritet istiqamətlər üzrə bir sıra təkliflərin təqdim olunduğunu və onların hamısının kompleks şəkildə nəzərə alındığını diqqətə çatdıran akademik Arif Həşimov elmi tədqiqatların səmərəliliyinin artırılmasının zəruriliyini bildirib.

Elmi məktəbləri qorumaqla yüksəkixtisaslı gənc kadr hazırlığına da xüsusi diqqət yetirilməsinin önəminə toxunan AMEA rəhbəri qeyd edib ki, institutların maddi-texniki bazası yenilənməli, Akademiya əməkdaşlarının sosial müdafiəsi gücləndirilməli, büdcədən optimal istifadə edilməlidir.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, bu gün müxtəlif səviyyələrdə Azərbaycan elminin inkişafı naminə müəyyən müzakirələr aparılır, ölkə rəhbərliyi, aidiyyəti dövlət orqanları bu məsələyə xüsusi önəm verir. Bütün bu müzakirələr elmin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi, bu istiqamətdə ideyalar bankının formalaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. O əlavə edib ki, bu gün ölkəmizdə innovativ və qabaqcıl texnologiyalara əsaslanan dövlət siyasəti uğurla həyata keçirilir. Yüksək texnologiyalardan sosial-iqtisadi məsələlərin həllində, xüsusən, işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işlərində istifadəsinə xüsusi diqqət yetirilir. Son dövrlərdə dünyada baş verən proseslər sübut etdi ki, hər bir dövlət üçün texnoloji suverenlik məsələsi olduqca mühüm şərtdir.

Bölmə tərəfindən “Azərbaycan Respublikasının 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişaf strategiyası” üçün müxtəlif təkliflərin AMEA-nın Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdıran akademik aparılan müzakirələrin elmimizin inkişafına töhfə verdiyini və bu prosesin davam etdirilməsinin vacibliyini bildirərək bölmə üzvlərini aktiv olmağa çağırıb.

Akademik Rasim Əliquliyev elmi fəaliyyət sahəsində qarşıda duran vəzifələrə toxunaraq baza maliyyələşməsi şərtilə elmi problem yönümlü ünvanlı maliyyələşməyə keçidin zərurətindən, AMEA-nın dəqiq hüquqi statusunun müəyyənləşdirilməsindən, beynəlxalq elmi bazalardan istifadə sahəsində tədbirlərin həyata keçirilməsindən, cəmiyyətdə elmin və alimin nüfuzunun yüksəldilməsindən, elm və təhsilin inteqrasiyası sahəsində IV Sənaye inqilabı ilə bağlı yeni ixtisaslar üzrə kadrların hazırlanması zərurətindən bəhs edib. Sonda alim bütün bu tədbirlərin həyata keçirilməsinə dəstək məqsədilə yüksək dövlət statusuna malik Elm, təhsil və texnologiyalar üzrə Şuranın yaradılması təklifini irəli sürüb.

Tədbirdə daha sonra Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev və İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək istedadlı gənclərin elmə cəlb edilməsi, elmi problem yönümlü ünvanlı maliyyələşmənin təmin edilməsi ilə alimlərin əməyinin diferensial stimullaşdırılması, elmi jurnalların “Web of Science” və “Scopus” bazalarına daxil olunması, xaricdə yaşayan alimlərlə, eləcə də elmlə özəl sektor arasında əlaqələrin gücləndirilməsi, elmi tədqiqatların nəticəsinin hüquqi cəhətdən qorunması, elmin koordinasiyasının səmərəli təşkili, elmin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, elmi kadrların hazırlığı üçün müvafiq Dövlət proqramı vasitəsilə gənclərin xaricdə təhsil almağa göndərilməsi və onların geri qayıtması üçün stimullaşdırılması, akademik universitetin təşkili, elmi fəaliyyətin qiymətləndirilməsi, elmin və alimlərin nüfuzunun qorunması, beynəlxalq bazalara çıxış imkanları və s. təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Arif Həşimov bildirib ki, zəngin elmi potensiala malik olan AMEA həm müasir dünyanın çağırışlarına, həm də dövlət siyasətinə müvafiq olaraq, modernləşməli, elmi-intellektual potensial bu məqsədlər naminə səfərbər edilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.