İnstitutun kollektivi dünya şöhrətli alim Lütfi Zadənin qəbrini ziyarət edib

04 Fevral 2022 - 14:16 | Mühüm hadisələr

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin  anadan olmasının 101-ci ili tamam olur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin qəbirüstü abidəsini ziyarət edib, onun məzarı önünə əklil qoyublar.

Mərasimdə İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək dahi alimin həyat və yaradıcılığı haqqında məlumat verib, Zadənin dünya elminə bəxş etdiyi mühüm nailiyyətlərdən söz açıb. Bildirib ki, azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub.

Hazırda dünyanın bir çox nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

R.Ələkbərov L.Zadənin zəngin elmi fəaliyyətinin dövlət başçısı İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Böyük alimin həm ölkəmizdə, həm də dünya miqyasında öz layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib.

İcraçı direktor diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə ötən il yanvarın 25-də Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunmuşdur ki, Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.

Qeyd edək ki, L.Zadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir.

Dünya şöhrətli alim 2017-ci il sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat etmişdir. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, sentyabrın 29-da Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.