İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlərdə iştirak edib

02 Fevral 2022 - 17:01 | Konfranslar, İclaslar
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirlərdə iştirak edib

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova AMEA Rəyasət Heyətində Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirində iştirak edib.

Aysən Fərəcova öz çıxışında Gənclər Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib, gənclərin dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib. O qeyd edib ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlanmasından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Sonra AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş “Azərbaycan gəncliyi - Gələcəyin kapitalı” adlı  onlayn tədbirdə çıxış edən Aysən Fərəcova hazırda gənclərin bütün sahələrdə olduğu kimi İKT sahəsində də mühüm rol oynadıqlarını, bir sıra mühüm nailiyyətlərə imza atdıqlarını qeyd edib. Gənclərin davamlı inkişafı istiqamətində innovasiyaların tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan A.Fərəcova qeyd edib ki, yeni cəmiyyətin vətəndaşı kimi yetişmək üçün gənc nəsil İKT biliklərini mənimsəməli, müasir texnologiyalardan istifadə bacarığına malik olmalı, bu sahədə mütəmadi olaraq maarifləndirilməlidir.

Məruzəçi müasir dövrdə İKT, elm və təhsil, sosial-iqtisadi, mədəniyyət və digər sahələrdə innovativ inkişafa nail olmağın, kreativ kadr hazırlığı siyasətini həyata keçirməyin, cəmiyyətin tamhüquqlu üzvü kimi beynəlxalq aləmə inteqrasiya olunmağın vacib məsələlərdən olduğunu qeyd edib.

Şura sədri əlavə edib ki, bu gün gənclərin İKT sahəsində əsas hədəflərinə beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaq, İKT-nin tətbiqi, e-xidmətlər və informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini həyata keçirməkdən aiddir.

O, bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti elm, təhsil, səhiyyə, siyasət, idman, mədəniyyət, incəsənət və digər sahələrdə çalışan gənclərin fəaliyyətinin stimullaşdırılması, əldə edilən nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması, eləcə də vətənpərvərlik və vətəndaşlıq ruhunun təbliği üçün geniş imkanlar açır.

Sonda A.Fərəcova gənclərə xoş arzularını ifadə edib, onlara elmi fəaliyyətlərində uğurlar diləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.