AMEA İnformasiya Texnologiyaları İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş onlayn toplantı keçirilib.
Tədbirdə öncə 20 Yanvar faciəsində Azərbaycan dövlətinin müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək 32 il əvvəl baş vermiş və hər birimizin yaddaşına əbədi olaraq həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən bəhs edib. Akademik yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingentinin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə dinc əhalini ağır texnikadan, müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirdiyini xatırladıb.
Hər il ölkəmizdə Qanlı Yanvar hadisələrinin ildönümlərinin Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd edildiyini deyən baş direktor hadisənin canlı şahidlərindən biri kimi həmin illərdə ölkəmizdə milli azadlıq hərəkatının formalaşması tarixindən danışıb, 1990-cı illərdə gedən siyasi proseslərdən söz açaraq faciənin əsas səbəblərinə diqqət çəkib.
Akademik bildirib ki, Ümummilli lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək törədilən bu cinayəti dünya ictimaiyyəti qarşısında qətiyyətlə pisləməsi və bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda öz xalqına sonsuz bağlılığın, dərin sədaqətin tarixi nümunəsidir.
AMEA-nın vitse-prezidenti Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Qanlı Yanvar hadisələrinin xalqın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini, bu hadisələrin milli təfəkkürün inkişafında böyük rola malik olduğunu deyib.
Akademik çıxışının sonunda qeyd edib ki, bu gün Azərbaycan bütün maneələri dəf edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasət əsasında, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə suverenliyini qoruyub saxlayır, bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər əldə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.