Pilotsuz uçuş aparatlarının audio və vizual əlamətlər əsasında aşkarlanması üsulları araşdırılıb

04 Dekabr 2021 - 17:55 | Konfranslar, İclaslar
Pilotsuz uçuş aparatlarının audio və vizual əlamətlər əsasında aşkarlanması üsulları araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş onlayn toplantıda institutun magistrantı Rəşad İbrahimov “Pilotsuz uçuş aparatlarının audio və vizual əlamətlər əsasında aşkarlanması üsulları” mövzusunda məruzə ilə çıxış edib.

R.İbrahimov dronların aşkarlanmasının zəruriliyindən söz açıb: “Hər bir ölkəyə məxsus elə ərazilər vardır ki, həmin ərazilərdə pilotsuz uçuş aparatlarının (PUA) icazəsiz uçuşunun təşkili təhlükəsizlik və məxfiliklə bağlı ciddi problemlər yaradır, hətta bədbəxt hadisə ilə nəticələnə bilir. Buraya hava limanları, hərbi obyektlər, xəstəxanalar, həbsxanalar, sərhəd xətləri, nüvə elektrik stansiyaları, neft emalı zavodları aid edilə bilər. PUA-lar ən çox məxfiliyinin qorunması tələb olunan mülki ərazilərdə məsafədən videoçəkilişin aparılması üçün istifadə olunur. Bu kimi halların qarşısını almaq üçün PUA-ların sensitiv ərazilərin üzərindən icazəsiz uçduğunu vaxtında aşkarlamaq lazımdır”.

O, dronların aşkarlanması vasitələri olan səs siqnalları, şəkillər, ştrix kodlar və s. barədə ətraflı məlumat verib. Həmçinin səs faylları, səs siqnalından xüsusiyyət ayırd edilməsi, spektroqram, audio və vizual əlamətlər əsasında PUA aşkarlama sistemindən bəhs edib.

Məruzəçi elmi-tədqiqat işində dronların aşkarlanması üçün təklif edilmiş yanaşmanı və müvafiq istiqamətdə aparılmış eksperimentlərin nəticələrini təqdim edib.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.