İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi seçilib

26 Noyabr 2021 - 12:12 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi təsdiqlənib.

İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında bu barədə çıxış edərək “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən, Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən seçilməsinin zəruri olduğunu bildirib. Qeyd edib ki, qanuna əsasən institutda fəaliyyət göstərən Şuranın üzvlərinin yaşı 35-i keçməməlidir.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova şuranın üzvlüyünə təklif olunan namizədlərin siyahısını təqdim edib. Açıq səsvermə yolu ilə Şuranın tərkibi təsdiq olunub, institutun əməkdaşı Eltun Əhmədov sədr müavini, gənc tədqiqatçı Lalə Qarayeva isə şuranın katibi seçilib.

A.Fərəcova, həmçinin “Sabahın alimləri” XI Respublika müsabiqəsində layihə təqdim etmiş şagirdlərə elmi məsləhətçi olması üçün təklif olunan namizədlərin siyahısnı da təqdim edib. İclasda bu məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin intellektual Azərbaycan gəncinin formalaşmasında hər zaman maraqlı olduğunu vurğulayıb, bu istiqamətdə Gənc Alim və Mütəxəssislər Şurasının qarşısında mühüm vəzifələrin dayandığını deyib:

“Şura üzvləri dövlət başçısının apardığı gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etməli, qarşıda duran problemlərin həlli məqsədilə səylərini birləşdirməlidir. Bu mənada gənclərin elmə cəlb edilməsi, müxtəlif səpkili seminar və konfransların keçirilməsi, eyni zamanda xarici ölkələrin nüfuzlu elmi qurumları ilə kadr və təcrübə mübadiləsinin aparılması son dərəcə vacibdir”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.