İnstitutun alimləri Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilib

15 Noyabr 2021 - 16:48 | Mühüm hadisələr
İnstitutun alimləri Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilib

ABŞ-ın Stenford Universiteti bu ilin oktyabr ayında dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısını dərc etmişdir. Bu reytinq siyahısı iki mühüm göstərici – məqalə və istinadların sayı əsasında hazırlanır. Belə ki, ilkin mərhələdə 2020-ci ildə ən azı 5 məqaləsi “Scopus” bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdə isə bu seçilmişlərin arasından həmin ildə ən çox istinad alan, başqa sözlə, ilk 2 %-ə daxil olan alimlərin adı reytinq siyahısına daxil edilir.

Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən 25-dən çox azərbaycanlı alimin adı daxil edilmişdir. Onlardan 8-i ölkəmizdə, digərləri isə Türkiyə, ABŞ, Avstraliya, Portuqaliya, Rusiya və s. ölkələrdə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən və adı siyahıya daxil edilmiş 8 alimdən 5-i AMEA-nın əməkdaşlarıdır. Bu 5 nəfər alimdən 2-si isə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarıdır. Bunlar institutun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev və şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Hər iki alim “İnformasiya və kommunikasiya texnologiyaları” elmi istiqaməti üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 253359 dünya alimləri arasından seçilmişdir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev 2020-ci ildə də Stenford Universitetinin reytinq qiymətləndirmə siyahısına daxil edilmişdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.