E-dövlət mühitində videotəsvirləri analiz etməklə sosial münasibətlərin aşkarlanması üçün yanaşma təklif olunub

11 Noyabr 2021 - 09:02 | Konfranslar, İclaslar
E-dövlət mühitində videotəsvirləri analiz etməklə sosial münasibətlərin aşkarlanması üçün yanaşma təklif olunub

NATO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransın plenar iclasında təqdim olunan məruzələrdən biri də “Elektron dövlət mühitində videotəsvirləri analiz etməklə sosial münasibətlərin aşkarlanması üçün bir yanaşma” mövzusuna həsr olunmuşdu.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edib. Məruzəçi bildirib ki,müasir dövrdə vətəndaşların təhlükəsizliyinin monitoriqi, cəmiyyətdə baş verən hadisələrin analizi üçün səhiyyə, təhsil, idman və bir şox sahələrdə sensorlarla təchiz olunmuş qurğulardan, videomüşahidə kameralarından və əşyaların İnternetindən geniş istifadə olunmaqdadır:

“Bu gün videomüşahidə və üztanıma qurğuları ictimai təhlükəsizliyin təmin olunması, nəzarətin gücləndirilməsinin vacib olduğu bütün yerlərdə quraşdırılır. Bu qurğular insanları, obyektləri, davranışları məsafədən müşahidə edərək onlar haqqında məlumatları avtomatik toplayır və yaranan böyük verilənləri ya yerindəcə analiz edir, ya da əlaqədar analitik sistemlərə ötürür”.

İ.Ələkbərovanın sözlərinə görə, videomüşahidə sistemləri vasitəsilə məlumatların asanlıqla əldə olunması fərdi məlumatların toplanmasını asanlaşdırır. Bu məlumatların analizində məqsəd profilaktika, reaksiya, aşkarlama, proqnozlaşdırma və müdaxilə ola bilər. İctimai yerlərdə vətəndaşların davranışlarını müşahidə etməklə sosial münasibətləri aşkarlamaq və baş verə biləcək anomal hadisələri proqnozlaşdırmaq çox mürəkkəb prosesdir. Müxtəlif təyinatlı videomüşahidə kameralarından əldə edilən və durmadan artan videotəsvirlərin əlçatan olması obyektlərin və hadisələrin aşkarlanmasında intellektual alqoritmlərdən istifadəni aktuallaşdırır.

Onun sözlərinə görə, tədqiqatda videotəsvirlərin intellektual analizi əsasında sosial münasibətlərin aşkarlanması üçün yeni yanaşma təklif olunmuş, intellektual videomüşahidə sistemlərinin ümumi arxitektur sxemi işlənmişdir. Videomüşahidə kameraları ilə əldə olunan videotəsvirlərin analizi üçün mərhələli həll yolu təklif olunmuşdur.

Tədqiqatda əldə edilən nəticələr e-dövlətin daha səmərəli idarə olunması, sosial-iqtisadi proseslərin pronozlaşdırılması, vətəndaşların təhlükəsizliyinin təmini və bir çox sahələrdə istifadə oluna bilər”, - deyə məruzəçi əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.