İntellektual oyunların informatikanın tədrisinə tətbiqi ilə bağlı eksperiment aparılıb

12 Noyabr 2021 - 11:16 | Konfranslar, İclaslar
İntellektual oyunların informatikanın tədrisinə tətbiqi ilə bağlı eksperiment aparılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin onlayn elmi seminarında “İntellektual oyunların informatika fənninin tədrisinə tətbiqi ilə bağlı aparılan pedaqoji-psixoloji eksperimentin nəticələrinin təhlili” mövzusunda müzakirələr aparılıb.

Mövzuya dair çıxış edən institutun dissertantı Bahar İsmayılova qeyd edib ki, məruzədə informatikanın tədrisi prosesində şagirdlərin intellektual  oyunlardan istifadəsinin nəzəri əsasları və informatikanın tədrisi prosesində şagirdlərin intellektual inkişafının  metodik əsaslarından bəhs edilir.

Öncə pedaqoji-psixoloji eksperiment  və  onun mərhələlərindən bəhs edən məruzəçi bildirib ki, pedaqoji eksperimentin mahiyyəti müəllim və şagirdlərin pedaqoji fəaliyyətini xüsusi formada təşkil edərək irəli sürülən pedaqoji fərziyyəni həmin şəraitdə öyrənməkdən, yoxlamaqdan ibarətdir. Onun müəyyənləşdirici, öyrədici və yoxlayıcı mərhələləri var.

B.İsmayılova qeyd edib ki, pedaqoji-psixoloji eksperiment keçirmək üçün maddi-texniki bazası, tədris avadanlığı, yeni təlim texnologiyalarından istifadə imkanları nəzərə alınaraq bərabər səviyyəli məktəblər seçilmiş, məktəblərdə məktəb direktoru, müavinləri, fənbirləşmə rəhbərləri ilə müsahibələr aparılmış, informatika müəllimlərinin peşə hazırlıq səviyyəsi və təcrübələrinin eyni və ya yaxın olması, şagirdlərin sayı, bilik, bacarıq, vərdiş, dəyərlərinin səviyyəsinin eyni (yaxın) olması gözlənilməklə eksperimental və kontrol siniflər müəyyənləşdirilmiş və  ilkin yoxlama keçirilmişdir:

“Eksperimentin müəyyənedici mərhələsinin sonunda belə bir nəticəyə gəldik ki, informatika fənninin tədrisi prosesində, şagirdlərin bilik və bacarıqlarında olan çatışmazlıqlar öyrənmə və öyrətmə proseslərinin rəqəmsal əsrin tələbləri səviyyəsində qurulmamasındadır. Şagirdlərin öyrənmə motivasiyası, idrak fəallığı,  müstəqilliyi  və özünüqiymətləndirməsi, özünütəkmilləşdirməsi  qənaətbəxş  deyil”.

Tədqiqatçı diqqətə çatdırıb ki, ikinci-öyrədici mərhələdə hazırlanmış yeni materiallar, yeni metodika  ilə bağlı müxtəlif mövzulara aid dərs - icmal nümunələri təqdim olunmuş, müəllimlərlə ilkin hazırlıq üçün seminar məşğələlər təşkil olunmuşdur. Eksperimentin bu mərhələsinin sonunda tədrisyönümlü intellektual oyunların informatika fənninin tədrisi keyfiyyətinin yüksəldilməsinə maksimum təsir göstərdiyi məlum olmuşdur.

Sonra o, əlavə edib ki, yoxlayıcı mərhələdə eksperimental siniflərdə işləyən müəllimlərin təklifləri  nəzərə alınmış, məqsədə nail olmaq üçün qarşıya çıxan çətinliklərin aradan qaldırılması, işin təkmilləşdirilməsi istiqamətində lazımı tədbirlər həyata keçirilmişdir. Nəzarət və eksperiment siniflərində aparılan ilkin və növbəti iki kiçik summativ  qiymətləndirmələr zamanı  alınan nəticələr riyazi statistik metodla təhlil edilmişdir. Bu prosesdə məqsəd şagirdlərin əldə etdiyi bilik, bacarıq, vərdiş və dəyərlərin inkişaf səviyyəsini, dinamikasını izləməkdən ibarətdir.

Tədqiqatçı diqqətə çatdırıb ki, şagirdlərin informatika fənni üzrə ümumi hazırlığında intellektual oyunların tətbiqinin, krossvordların həll olunması və hazırlanmasının, tədrisyönümlü kompüter oyunlarından  istifadənin əhəmiyyəti böyükdür:

“İntellektual oyunlar, krossvordların tədrisdə tətbiqi 45 dəqiqə müddətində hər bir şagirdin potensialına uyğun olaraq 100% fəallığını, şagirdlərin müstəqil fəaliyyətini, özünüqiymətləndirməsini və s. təmin edir. Şagirdlərin fərdi, kiçik qruplarla və kollektiv şəkildə idrak fəallığını yüksəltmək, müstəqil işlərin təşkilini  yüksək  səviyyədə həyata keçirmək üçün əlverişli şərait yaranır. Bildirdi ki, son nəticənin əldə edilməsi üçün hər bir şagirddə rəqabət aparmaq, yarışmaq, özünütəsdiq etmək arzusu yaranır, qətiyyət, məsuliyyət, inadkarlıq tərbiyə olunur”.

B.İsmayılova onu da qeyd edib ki, intellektual oyunlar, krossvordların tədrisdə tətbiqi hər bir şagirdin şəxsiyyət kimi özünüqiymətləndirmə, özünütəhlil, özünüreallaşdırması üçün geniş imkanlar yaradır. Bundan əlavə, onların informasiya texnologiyalarından istifadə bacarıqları artır və dərinləşir.

Sonda məruzəçi seminar iştirakçılarının suallarını  cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.