“Ağıllı” şəhər mühitində fərdi məlumatların təhlükəsizliyi məsələləri diqqətə çatdırılıb

29 Oktyabr 2021 - 11:02 | Konfranslar, İclaslar
“Ağıllı” şəhər mühitində fərdi məlumatların təhlükəsizliyi məsələləri diqqətə çatdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov NATO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransın plenar iclasında çıxış edib.

“Ağıllı” şəhər mühitində fərdi məlumatların təhlükəsizliyi məsələləri” mövzusunda məruzəni təqdim edən M.Həşimov bildirib ki, “ağıllı” şəhər informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilir: “Bu xidmətlərə “ağıllı” evlər, nəqliyyatın intellektual idarəetmə sistemləri, “ağıllı” parkinq, ictimai nəqliyyatın idarəedilməsi, trafik qaydalarının pozulmasına video nəzarət, “ağıllı” işıqlandırma, “ağıllı” sayğac,  tullantıların “ağıllı” idarə olunması, ətraf mühitin monitorinqi, “ağıllı” nəzarət sistemi və s. aid etmək olar”.

Məruzəçinin sözlərinə görə, “ağıllı” şəhərin yaradılmasında məqsəd vətəndaşlar üçün həyatı daha asan və təhlükəsiz etməkdir. Şəhər sakinləri “ağıllı” şəhər layihələrindən faydalanmaq və daha yaxşı təhlükəsizlik, aşağı cinayət halları və ümumiyyətlə daha yaxşı bir həyat keyfiyyətinə sahib olmaq istəyir. Lakin “ağıllı” şəhər mühitində həyat keyfiyyəti ilə məxfiliyə müdaxilə arasında bir tarazlıq var.

O, “ağıllı” bir şəhərə doğru irəliləyiş və müxtəlif cihazların gündəlik həyata inteqrasiyası ilə məxfilik problemləri yaradan fərdi məlumatların toplanmasının təbii hala çevrildiyini qeyd edib. Əlavə edib ki, bu məqsədlə də tədqiqat zamanı “ağıllı” şəhər xidmətlərindən istifadə zamanı fərdi məlumatların təhlükəsizliyi məsələləri analiz edilmiş və bunların müəyyən qədər həllinə kömək edən təkliflər verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.