FRTEB-in Ümumi yığıncağı akademik Məhəmməd Mehdiyevin 80 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edib

01 Oktyabr 2021 - 17:01 | Konfranslar, İclaslar

Oktyabrın 2-də tanınmış alim, Əməkdar elm xadimi,  Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) həqiqi üzvü Məhəmməd Mehdiyevin 80 yaşı tamam olur.

Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Məhəmməd Fərman oğlu Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzə­kənd kəndində anadan olub.

1961-ci ildə Vağazin kənd orta məktəbini bitirən alim Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1970-ci ildə təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonralar həmin elmi müəssisənin baş elmi işçisi, şöbə müdiri, Xü­susi Konstruktor Bürosunun elmi işlər üzrə direktor müavini olub.

1975-ci ildə Rostov Dövlət Universitetində “Konik örtük və dəyişən qalınlıqlı dairəvi lövhə üçün üçölçülü gərginlik-deformasiya vəziyyətin asimptotik təhlili” mövzusunda nami­zəd­lik,  1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bə­zi fəza məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Məhəmməd Meh­di­yev 2002-ci ildən kafedra müdiri, 2008-ci ildən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin de­ka­nıdır.

Akademik Yusif Məmmədovun sözlərinə görə, yubilyar bərk cism mexanikası sahəsində gör­kəmli mütəxəssisdir. Onun tərəfindən elas­ti­kiy­yət nəzəriyyəsində yeni “bircins həllər” metodu işlənib hazırlanıb. Həmin metodun köməyi ilə  örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü  məsələsindən ikiölçülü məsə­lə­yə keçid problemi öyrənilib, həmçinin örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılaraq bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən olunub.

Akademik Məhəmməd Mehdiyev tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə nə­zə­rən daha dəqiq olan örtük və  lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilib. Deformasiyaların bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, M.Mehdiyev tərəfindən verilmiş “bircins həllər” metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tən­lik­lə­rin asimptotik inteqrallama metoduna ciddi yenilikdir.

M.Mehdiyev impuls təsirli determinik oyunlar­da yəhərvari nöqtənin varlığı üçün zəruri şərt­­lər taparaq həmin şərtlərin zəruri və kafi olduğu sinif­lə­ri mü­əyyən edib. Qeyri-lokal şərt­li op­ti­mal idarəetmə məsələsində opti­mal­­lıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınıb.

 Son illərdə akademik və onun tələbələri tərəfindən anizotropik örtüklərin ümumi nəzə­riy­yə­si yaradılıb və onun əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilib.

M.Mehdiyev “AMEA-nın xəbərləri” (mexanika buraxılışı) jurnalının redaksiya heyətinin üzvü və “Bakı Dövlət Universitetinin Xəbərləri” (fizika-riyaziyyat seriyası) jurnalının baş redaktorunun müavinidir.

Akademikin rəhbərliyi ilə 20 elmlər namizədi, 2 elmlər doktoru hazırlanıb. O, 140 elmi əsərin, o cümlədən 4 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifidir.

Y.Məmmədov bildirib ki, akademik Məhəmməd Mehdiyev riyaziyyat və mexanika elminə verdiyi töhfələrə görə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq gö­rül­üb. Həmçinin “Şöhrət” ordeni ilə təltif olunub.

Sonra FRTEB-in Ümumi yığıncağı akademik Məhəmməd Mehdiyevin 80 illik yubileyinin keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Akademik Məhəmməd Mehdiyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.