Bu gün Rusiyanın Kursk şəhərində “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2021) XVI beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.
Sentyabrın 17-dək davam edəcək tədbir Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, “Elm və Texnologiya” Nəşriyyatı, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilib.
Konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, informasiyanın işlənilməsinin alqoritmik, proqram və texniki vasitələri, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və ona nəzarət, telekommunikasiya şəbəkələri və video informasiya xidmətləri sistemi, təhsildə yeni informasiya texnologiyaları və s. daxildir.
Artıq 6-cı ildir ki institutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa institut əməkdaşlarının 12 elmi məqaləsi qəbul olunub.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvüdür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.