İnstitutun aparıcı elmi işçisi Fərqanə Abdullayeva impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb

13 Avqust 2021 - 09:45 | Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə Fransanın “Innovation and Research in BioMedical Engineering” (IRBM) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

“Clarivate Analytics” (əvvəlki adı Thomson Reuters) siyahısına daxil olan bu jurnalda biotibbi texnologiyalar, klinik tədqiqatlar, biotibbi mühəndislik elmlərinin bütün sahələrinə dair tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.

IRBM jurnalının əsas elmi istiqamətlərinə fizioloji və bioloji siqnalların emalı (elektroensefaloqram, maqnetoensefaloqrafiya, elektrokardioqram), tibbi təsvirlərin emalı, biomexanika, biomateriallar, tibbi fizika, biofizika, fizioloji və bioloji sensorlar, səhiyyədə informasiya texnologiyaları, əlilliyin araşdırılması, hesablama fiziologiyası daxildir.

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

1) Impact Factor: 1.856

2) SJR: 0.346      

3) CiteScore: 3.2

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.