“İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının fəaliyyəti yenidən qurulmalıdır

10 Avqust 2021 - 14:47 | Müsahibələr, çıxışlar
“İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının fəaliyyəti yenidən qurulmalıdır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq elmi bazalarda təmsil olunması istiqamətində tədbirlər gücləndirilməlidir.

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev onlayn elmi seminarda institutun jurnallarının fəaliyyətinin yenidən təşkili ilə bağlı çıxışı zamanı belə deyib.

Akademik sözügedən jurnalların 10 ildən artıqdır ki, informasiya cəmiyyəti ideyalarının yayılması və informasiya texnologiyalarının inkişafına mühüm töhfələr verdiyini söyləyib. Alim institutun jurnallarında dərc olunan məqalələrin dünya elminin tələblərinə cavab verən tədqiqatlara həsr olunduğunu vurğulayıb, jurnalların nəşrində rolu olan hər bir əməkdaşın əməyini yüksək qiymətləndirib, redaksiya heyətinin üzvlərinə dərin minnətdarlığını ifadə edib.

Onun sözlərinə görə, müasir dövrdə elmi jurnalların aparıcı beynəlxalq akademik bazalara inteqrasiyası ilə bağlı yeni tələb və çağırışların formalaşması institutun jurnallarının fəaliyyətinin yenidən təşkilini zəruri etmişdir.

Direktor institutun elmi jurnalları ilə bağlı çoxsaylı monitorinq və təhlillərin aparıldığını, elmmetriya saatlarının keçirildiyini, problemlərin müəyyən edildiyini və jurnalların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planının hazırlandığını diqqətə çatdırıb. Elmmetriyaya dair keçirilən seminarların institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında, bilik və təcrübələrin bölüşdürülməsində mühüm rol oynadığını vurğulayıb.

Akademik bildirib ki, yüksəkixtisaslı kadrların yetişdirilməsi, dünya elmində gedən proseslərə adekvat olaraq prioritet istiqamətlərdə tədqiqatların aparılması, multidissiplinar problemlərə həsr olunmuş məqalələrin çap olunması institutun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

R.Əliquliyev rəhbərlik etdiyi institutun elmi jurnalların dərc olunması sahəsində müəyyən təcrübəyə malik olduğunu, eləcə də bu qurumun əməkdaşlarının elmi məqalələrinin dünyanın nüfuzlu bazalarına daxil olan nəşrlərdə çap edildiyini diqqətə çatdırıb.

Akademik “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq akademik bazalarda təmsil olunması istiqamətində bütün prolemlərin tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb: “İnstitutun junallarının fəaliyyətinin müasir çağırışlara uyğun olaraq yenidən təşkili qarşımızda duran əsas hədəflərdəndir. Bu yöndə hər bir əməkdaş qüvvələrini səfərbər etməli, birlik və fəallıq nümayiş etdirməlidir”.

“Dünyada hər bir elmi qurum əsas etibarilə onun nəşr etdiyi jurnallarla tanınır”, - deyən R.Əliquliyev alim və mütəxəssislərə xarici həmkarlarla elmi əməkdaşlığı genişləndirməyi, jurnallarımızın beynəlxalq status alması istiqamətində tədbirləri gücləndirməyi tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.