Elmi şuranın onlayn iclasında Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsi haqqında məlumatı Gənc alim və mütəxəssislər şurasının sədri, institutun dissertantı və böyük elmi işçi Nərmin Adıgözəlova verib.
N.Adıgözəlova cari il iyulun 12-də AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsini elan edildiyini deyib. Bildirib ki, əsas məqsəd gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsidir.
O, qrant müsabiqəsi çərçivəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin qəbul edildiyini vurğulayıb. Qeyd edib ki, müsabiqədə yalnız 35 yaşa qədər olan (layihə təqdim olunan gün) gənc alim və tədqiqatçılar iştirak edə bilərlər.
Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) 30 avqust 2021-ci il saat 17:00-dək həyata keçiriləcək. Bu sistem elektron-hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və “virtual şəxsi kabinet”lərini formalaşdırmalıdırlar.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev öz çıxışında bütün dünyada elmin maliyələşdirilməsi yollarından birinin də qrant müsabiqələrdə iştirakla bağlı olduğunu diqqətə çatdırıb. İnstitutun gənc alim və mütəxəssislərini elmi fəaliyyətlərini stimullaşdırmağa, qrant layihələrində fəal iştirak etməyə çağırıb. Qeyd edib ki, bu prosesdə şöbə rəhbərləri və elmi məsləhətçilər fəallıq nümayiş etdirməli, gənclərə dəstək olmalıdırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.