AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr haqqında məsələ müzakirə olunub.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bu məsələnin AMEA Rəyasət Heyətində müzakirə olunduğunu, institut və təşkilatlara bir sıra tapşırıqların verildiyini deyib.
Akademik hazırda dünyada bütün nailiyyətlərin, dövlətlərin iqtisadi və hərbi gücünün kökündə elm və texnologiyanın dayandığını, bu istiqamətdə müəyyən baxış, konsepsiya və proqramların qəbul olunduğunu nəzərə çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısının əhəmiyyətindən danışan alim, tədbirin islam ölkələrinin bir-birilə inteqrasiya olunması, ortaq layihələrdə iştirak və müvafiq sahədə elmi bilik və təcrübələrin bölüşdürülməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb. Azərbaycanın dünyanın müxtəlif nüfuzlu təşkilatlarına üzv olduğunu, türk dünyası ölkələri ilə münasibətlərinin günü-gündən genişləndiyini, inkişaf etdiyini deyib.
R.Əliquliyev bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması bütün dünyada dövlətimizin maraqlarının təmin olunması və Qarabağ məsələsinin xeyrimizə həll edilməsində böyük rol oynayıb. Məhz dövlət başçısının uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir və dünya ölkələri ilə mehriban dostluq münasibətlərini formalaşdırıb.
Alim Azərbaycanın milli maraqları çərçivəsində atdığı addımların onun ümumilikdə dünya dövlətləri ilə qarşılıqlı əlaqələrini möhkəmləndirdiyini, eləcə də Şərq tərəfdaşlığı çərçivəsində ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşdiyini diqqətə çatdırıb.
Sonra institut direktoru dövlət başçısının İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı məzmunlu çıxışı ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, ölkə Prezidenti sammitdə Azərbaycan dövlətinin Qarabağla bağlı haqlı mövqeyini böyük məharətlə ortaya qoyub. Dövlət başçısı vurğulayıb ki, II Qarabağ müharibəsində əldə olunan tarixi qələbənin əsas səbəblərindən biri də islam həmrəyliyidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.
Alim ölkə rəhbərinin sammitdə elm və texnologiyaların inkişafı üzrə mühüm təkliflər irəli sürdüyünü də deyib: “Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq.”
R.Əliquliyev qeyd edib ki, Azərbaycanın kosmik dövlət olması həm onun geopolitik vəziyyətini yaxşılaşdırır, dünya ölkələri arasında mövqeyini möhkəmləndirir, həm də hərbi qüdrətini gücləndirir.
2022-ci ildə Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresi barədə məlumat verən akademik, bu tədbirin təşklinin ölkəmizə həvalə edilməsinin Azərbaycan dövlətinin siyasəti və kosmik sənayesinə verilən yüksək qiymətin göstəricisi olduğunu söyləyib.
Tədbirin yüksək səviyyədə təşkil olunmasında AMEA-nın elmi müəssisələri, xüsusən də İnformasiya Texnologiyaları İnstitutunun fəal iştirakının zəruriliyini önə çəkib: “Big data və kosmik tədqiqatlar, kiber-fiziki sistemlərlə kosmik texnologiyaların konvergensiyası və s. istiqamətlərdə tədqiqatların aparılması zəruridir və institutun alimləri bu işə öz töhfələrini verməlidirlər”.
Akademik Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında Azərbaycan dövlətinin maraqlarını tam şəkildə təmin etdiyinə, ölkənin siyasi mövqeyini dünya ictimaiyyətinə yüksək səviyyədə çatdırdığına görə dövlət başçısına rəhbərlik etdiyi kollektivin adından dərin minnətdarlığını bildirib.
Nitqinin sonunda AMEA-nın vitse-prezidenti “Hər birimiz Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında fəal iştirak etməliyik”, - deyə institut əməkdaşlarına cənab prezidentin çağırışları və həyata keçirdiyi tədbirləri təbliğ etməyi tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.