Azərbaycanın işğaldan azad edilmiş əraziləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında sürətlə bərpa edilir

02 İyul 2021 - 16:00 | Müsahibələr, çıxışlar
Azərbaycanın işğaldan azad edilmiş əraziləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında sürətlə bərpa edilir

Azərbaycanın işğaldan azad edilmiş əraziləri ən müasir texnologiyaların, kiberfiziki sistemlərin tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında sürətlə bərpa edilməkdədir. Bu işlərin həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən bir sıra sərəncamlar və digər normativ sənədlər imzalanıb.

“Ağıllı şəhər” konsepsiyasının əsasında müasir şəhər sakini üçün mümkün qədər rahat, əlverişli və fərdi virtual mühit yaratmaq üçün ən müasir texnoloji həllər mövcuddur. Bunlardan biri də 3D texnologiyalarıdır. “Ağıllı şəhər”lərin qurulmasında 3D modelləşdirməsinin istifadəsi ətraf mühit göstəricilərinin, nəqliyyat və kommunikasiya şəbəkələrinin inkişafına kömək edə bilər. 3D modelləşdirməsi, hər hansı 3 ölçülü bir obyektin və ya formanın 3D rəqəmsal təsvirini yaratmaq üçün kompüter qrafikası üsuludur.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Anar Səmidov məlumat verib. O qeyd edib ki, 3D əsaslı dizayn proqramı ilə daha “ağıllı” və dayanıqlı bir şəhər qurmaq daha asandır. 3D modelləşdirmə texnologiyaları dizaynerlərə, memarlara və mütəxəssislərə qısa zaman çərçivəsində xüsusi 3D əsaslı proqramlar vasitəsilə “ağıllı şəhər”in 3D virtual modelini yaratmağa imkan verir. Bu proqramlardan istifadə edərək meşə zolağını, su hövzələrini, yol infrastrukturunu da modelləşdirmək mümkündür. “Ağıllı şəhər” konsepsiyasına 3D modelləşdirməsinin tətbiqi ərazinin, eləcə də hər bir binanın layihələndirilməsində yarana biləcək səhvlərin qarşısını almağa imkan verəcəkdir.

“Ağıllı şəhər”i 3D əsasında modelləşdirərkən ətraf mühit simulyasiyaları, avtomobil və piyada yolları, bitki örtüyü, binalara kölgə salınması və onların günəş işığına məruz qalması, binaların günəş potensialı nəzərə alınır. Bundan əlavə, şəhərlərdə əhali artdıqca, ərazinin səmərəli istifadə olunmasına əmin olmaq ən vacib məsələlərdən biridir. Torpaq və əhali, mənzil sıxlığı, bina hündürlüyü, mərtəbə sahəsinin nisbəti, bərpa olunan enerji məsələlərinə də xüsusi diqqət yetirilir. Gələcəyin davamlı şəhəri günəş enerjisi qurğuları, mikro şəbəkələr və digər təmiz enerji mənbələrindən istifadə edən unikal şəhər modelidir. Bütün bu məsələlərin optimal həlli üçün 3D texnologiyası unikal imkanlara malikdir.