Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən "Facebook"da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça dərc olunub.
İnternet texnologiyalarının inkişafı sürətlə həyatımıza nüfuz etməkdədir. Bu ən çox özünü internetdə mövcud olan sosial şəbəkələrdə göstərir. Hər ötən gün sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Belə ki, bir çox insan sosial şəbəkələrsiz həyatını təsəvvür etmir və gündəlik olaraq müxtəlif məqsədlərlə (iş, əyləncə, ünsiyyət və s.) bu şəbəkələrdən istifadə edir.
Belə olan təqdirdə sosial şəbəkələrdə istifadəçilərin təhlükəsizliyi məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Buna səbəb isə istifadəçilərin öz hesablarının informasiya təhlükəsizliyini təmin etmələri barədə kifayət qədər məlumata malik olmamalarıdır. Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi sosial şəbəkələr arasında istifadəçi sayına görə "Facebook" öndədir.
Bütün bu amilləri nəzərə alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb. "Facebook"da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarının qeyd olunduğu kitabça sosial şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələlərindən bəhs edir.
Kitabça Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Facebook sosial şəbəkəsinin cari istifadə və təhlükəsizlik qaydaları əsasında hazırlanıb və tövsiyə xarakteri daşıyır.