Mütəxəssis: “Ağıllı şəhərlər”də idarəetməni asanlaşdırmaq üçün dronlar geniş imkanlar yaradır

29 İyun 2021 - 15:50 | Müsahibələr, çıxışlar
Mütəxəssis: “Ağıllı şəhərlər”də idarəetməni asanlaşdırmaq üçün dronlar geniş imkanlar yaradır

Ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi ilə bağlı mühüm işlərə start verilib. Bu layihələrin uğurla reallaşdırılması üçün IV sənaye inqilabının əsasını təşkil edən texnologiyaların, kiberfiziki sistemlərin tətbiqi zəruridir. Bu ilin yanvar ayının 6-da dövlət başçısının “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman da göstərir ki, ölkəmizdə həmin texnologiyaların tətbiqi üçün əlverişli zəmin yaradılır.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov məlumat verib. O qeyd edib ki, texnologiyaların sürətli inkişafı şəhərlərin yenidən formalaşan infrastrukturuna təsirsiz ötüşməyib. Əşyaların interneti və digər müasir texnologiyaların şəhər infrastrukturuna inteqrasiyası nəticəsində “ağıllı şəhərlər” yaranmaqdadır. “Ağıllı şəhərlər”i yaratmaqda əsas məqsəd odur ki, müxtəlif texnologiyaları şəhər infrastrukturuna tətbiq etməklə insanların həyat şəraiti yüksəldilsin, həmçinin şəhərin idarəetməsinin effektivliyi artırılsın. Müxtəlif ağıllı cihazlardan, sensorlardan istifadə etməklə şəhər xidmətlərinin keyfiyyətini, məhsuldarlığını, interaktivliyini artırmaq olur.

Hazırda ayrı-ayrı ölkələrdə qurulan “ağıllı şəhərlər”də idarəetməni asanlaşdırmaq üçün müxtəlif növ dronlardan (pilotsuz uçuş aparatlarından) istifadə olunur. Dronlardan “ağıllı şəhərlər”də ictimai nəqliyyatın işinin asanlaşdırılmasında, şəhərin təhlükəsizliyinin təmin olunmasında, yol hərəkətinin təşkilində, müxtəlif inşaat sektorlarında geniş istifadə edilir. Aparılan təhlillər onu göstərir ki, 2023-cü ildə “ağıllı şəhərlər”də yükdaşımaların müəyyən hissəsi məhz dronlar vasitəsilə həyata keçiriləcək.

Son dövrlərdə bütün dünyaya yayılan COVID-19 pandemiyası dronların “ağıllı şəhərlər”də daha da çox istifadəsinə səbəb olub. Belə ki, müxtəlif sensorlarla təchiz olunmuş dron şəhər üzərində 24 saat müşahidə aparmaqla qeydiyyatda olan koronavirus xəstələrini müəyyən edə bilir. Bu da xəstəliyin geniş yayılmasının qarşısını alır. Bundan başqa, bəzi dronlardan “ağıllı şəhərlər”də koronavirus əleyhinə küçələrin dezinfeksiyasında istifadə olunur. Araşdırmalar göstərir ki, 2025-ci ildən etibarən ABŞ-ın bir neçə “ağıllı şəhər”ində təhlükəsizliyi yalnız dronlar həyata keçirəcək. Bu tip dronlar ictimai asayişin qorunmasında, cinayətkarların təqib edilməsində, onların zərərsizləşdirilməsində, müxtəlif etiraz aksiyalarına nəzarət edilməsində istifadə olunacaq.

Qeyd edilənləri nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq “ağıllı şəhərlər”in təhlükəsizliyinin təmin edilməsində dron texnologiyalarından geniş istifadə edilməsi məqsədəuyğundur. Bu texnologiyanın köməyi ilə “Ağıllı şəhər” konsepsiyasında ictimai nəqliyyatın səmərəli idarə edilməsini, şəhərin təhlükəsizliyinin təmin olunmasını, yol hərəkətinin təşkilində, müxtəlif inşaat sektorlarında geniş istifadə olunması səhər infrastrukturunun səmərəli idarəedilməsinə imkanlar yaradacaq. Dronlar vasitəsilə səhər infrastrukturunun idarə edilməsində təhlükəsizliklə bağlı məlumatların toplanması, təhlili, istifadəsi və vizuallaşdırılması “ağıllı şəhər” konsepsiyasında təhlükəsizliklə bağlı layihələrin uğurla həyata keçirilməsi üçün böyük imkanlar yaradır.