Ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi ilə bağlı mühüm işlərə start verilib. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi məsələləri öz əksini tapıb. Həmçinin dövlət başçısı 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. İşğaldan azad edilmiş Zəngilan rayonunda artıq “ağıllı kənd”lərin salınması işləri gedir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Anar Səmidov bildirib. O qeyd edib ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla həyata keçirilməsi və istifadə edilməsi üçün geoinformasiya məlumatlarını idarə edə və vizuallaşdıra bilən rəqəmsal sistemin hazırlanması tələb olunur. Coğrafi informasiya sistemi (GIS) “ağıllı şəhər” konsepsiyası üçün daha geniş və rahat imkanlar yaradır. GIS texnologiyaları dayanıqlı şəhər planlaşdırılması, inkişafı və idarəetmə üçün məkan-zaman informasiyasının toplanması, təhlili və vizuallaşdırılması üçün inteqrasiya olunmuş platformadır.
“Ağıllı şəhər” və “ağıllı kənd” layihələrində GIS texnologiyalarından istifadə həm də Prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nda nəzərdə tutulan vəzifələrin icrası baxımından əhəmiyyətlidir.
GIS texnologiyaları yer seçimi ilə bağlı qərarların yaxşılaşdıra və qəbul edilmə imkanlarını genişləndirə biləcək yüksəkkeyfiyyətli vizuallaşdırma vasitələri təqdim edə bilər. Yerlə bağlı məlumatların təhlili torpaqlardan səmərəli istifadə etməyə, qrunt sularının idarə olunmasına, habelə daşqınlar, zəlzələlər kimi təbii fəlakətlərin qarşısını almağa imkan verir. GIS texnologiyaları enerji və su istifadəsinin azaldılmasına, tullantıların utilizasiyasının daha səmərəli yollarının axtarılmasına kömək edə, ətraf mühitin və ya kritik vəziyyətin real modelləşdirilməsində istifadə edilə bilər.
“Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin planlaşdırılması və hazırlanmasının bütün mərhələlərində “GIS + Remote Sensing” texnologiyalarının istifadə edilməsi məqsədəuyğundur. Bu texnologiya torpaq məlumatlarından və geotexniki tədqiqatlardan planlaşdırmaya, ekoloji tədqiqatlardan layihə xəritələrinin idarə olunmasına qədər bütün lazımi məlumatların təşkilinə kömək edir.
GIS əsaslı qrafik məlumatlar tikinti üzrə normativ tələblərin və normativ aktların necə yerinə yetirildiyini dəqiq nümayiş etdirən hesabatların sürətlə yaradılmasını təmin edir.
“Ağıllı şəhər” konsepsiyası şəhər sistemləri və xidmətləri haqqında məlumatların toplanması, təhlili, birgə istifadəsi və vizuallaşdırılmasına əsaslandığından, “GIS + Remote Sensing” texnologiyaları bu tip layihələrin uğurla həyata keçirilməsi üçün güclü imkanlar yaradır. GIS “ağıllı şəhər” sistemlərini idarə etmək üçün rəqəmsal sistemdən istifadə etməyə imkan verir.
“GIS + Remote Sensing” “ağıllı şəhər” və “ağıllı kənd”lərin planlaşdırılma və inkişafının bütün aspektlərini əlaqələndirən ideal texnologiyadır.