Veb-hostinq proqramlarının müqayisəli təhlili aparıldı

04 İyun 2021 - 10:34 | Konfranslar, İclaslar
Veb-hostinq proqramlarının müqayisəli təhlili aparıldı

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Veb-hostinq proqramlarının müqayisəli təhlili” mövzusuna həsr olunduğunu söylədi.

Məruzəni təqdim edən şöbənin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov öncə veb-hostinqlərin idarəsində istifadə olunan proqram təminatlarını diqqətə çatdırdı. Buraya “cPanel”, “Webmin”, “ISPmanager”, “DirectAdmin”, “Plesk” və s. daxil olduğunu dedi.

Sonra məruzəçi “cPanel” proqram təminatı haqqında məlumat verdi. Qeyd etdi ki, “cPanel” ilk dəfə 1997-ci ildə Nik Koston tərəfindən yaradılıb. Onun ən sonuncu versiyası isə 2021-ci ilə aiddir. “cPanel”in tərkibinə apache, PHP manager, SQL service, Security Center, Backup, Clusters və s. daxildir.

O, WHM (Web Host Manager) haqqında da danışdı. Bildirdi ki, WHM cPanel-in server hissəsinə adminstrativ giriş təmin edən proqramdır.

Daha sonra S.Əliyev WHM server konfiqurasiyasını, təhlükəsizlik və yedəkləmə proseslərini, SSL sertifikatlarını əyani şəkildə izah etdi.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Şöbə müdiri, dosent R.Ələkbərov veb-hostinq proqramları ilə bağlı tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələrini verdi,  bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.