AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2021-ci ilin oktyabr ayında NATO-nun dəstəyi ilə keçiriləcək “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransa hazırlıq üzrə fəaliyyət planında nəzərdə tutulmuş təşkilati və texniki xarakterli bəzi məsələlərin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, layihənin həmdirektoru, professor Jacek Gajewski və hər iki tərəfdən əlaqədar əməkdaşlar iştirak ediblər.
İclasda beynəlxalq konfransın onlayn keçirilməsi ilə əlaqəli təxirəsalınmaz texniki məsələlərin həllinə dair tərəflərin təklifləri müzakirə edilib. Hər iki tərəfi təmsil edən texniki işçi qruplarına onlayn konfransın keçirilməsi üçün platformanın seçilməsi, qısa müddətdə texniki test sessiyasının təşkili və müvafiq hesabatın hazırlanması tapşırılıb.
Sonra sessiya moderatorlarının təyin edilməsi üzrə təkliflərə baxılıb və potensial məruzəçilərlə işlərin intensivləşdirilməsi qərara alınıb.
Daha sonra bu iki qurum arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə təkliflər müzakirə edilib.
Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.