“Jurnalogiya – akademik nəşr prosesinin bütün aspektləri” mövzusunda müzakirələr aparılıb

02 İyun 2021 - 14:17 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “Elmmetriya saatı” interaktiv seminarının növbəti onlayn iclasında “Jurnalogiya – akademik nəşr prosesinin bütün aspektləri” mövzusunda müzakirələr aparılıb.

İnstitutun 12 saylı şöbəsinin əməkdaşları, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və kiçik elmi işçi Firudin Əsgərov tərəfindən hazırlanmış məruzəni R.Həsənova təqdim edib.

Məruzəçi öz çıxışında öncə jurnalogiya termininin yaranma tarixi, bu tədqiqat sahəsinin əsas məqsədi, eləcə də məqalələrə rəy vermə prosesinin təşkili haqqında məlumatlar verib. Jurnalogiyanın “meta elm”, “açıq elm”, “yırtıcı” jurnallar, bibliometriya və elmmetriya ilə əlaqəsindən bəhs edib.

O, jurnalogiyada yeni paradiqmalardan söz açaraq jurnalın daha çox oxucu kütləsinə nail olması üçün müəyyənləşdirilən şərtlər və yaxşı elmi məqaləyə qoyulan tələbləri diqqətə çatdırıb. Bildirib ki, bu tələblərə orijinallıq, etibarlılıq, aydınlılıq, intellektual ardcıcıllıq və s. daxildir.

R.Həsənova Ottava Xəstəxanasının Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən “Jurnalogiya Mərkəzi” və onun əsas fəaliyyət istiqamətləri haqqında məlumatları da seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra o, “Elsevier” nəşriyyatının nümunəsində jurnalın redaksiya heyəti üzvlərinin əsas vəzifələri və üzvlərin seçilmə kriteriyaları barədə danışıb.

Sonda çıxış ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

Məruzə ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev jurnalogiyanın müxtəlif elm sahələrinin kəsişdiyi multidissiplinar bir elmi istiqamət olduğunu deyib. Akademik plagiatlıqla mübarizə, jurnalın menecmenti, süni intellekt və jurnalogiya,  eləcə də jurnalometriya ilə bağlı tədqiqatların aparılması, bu istiqamətdə dünya təcrübəsinin araşdırılmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.