“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi Qarabağ regionunun inkişafında mühüm rol oynayacaq

01 İyun 2021 - 18:00 | Müsahibələr, çıxışlar
“Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi Qarabağ regionunun inkişafında mühüm rol oynayacaq

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu texnologiyaların kompleks şəkildə istifadəsi və məlumatların təhlili şəhər və kənd mühitində daha ağıllı və operativ qərarların verilməsinə imkan yaradır. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin əsas ideyası bütün xidmət və obyektləri vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Nəticədə vətəndaşlar üçün daha asan və təhlükəsiz həyat təmin ediləcək, sosial və iqtisadi keyfiyyət yaxşılaşacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov məlumat verib. O qeyd edib ki, bu gün bir çox inkişaf etmiş ölkələr “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinə üstünlük verir. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev çıxışlarından birində: “Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumunda iştirakım zamanı 10-larla şirkətlə görüşlərim olur, onların böyük əksəriyyəti texnoloji şirkətlərdir. Bu görüşlər əsnasında görürəm ki, dünyada hansı yeniliklər var, hansı müsbət inkişaf var və çalışıram ki, o şirkətləri Azərbaycana cəlb edim. Ona görə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir və tətbiq edilməlidir”, - deyə bəyan edib. 2021-ci il aprelin 19-da isə Azərbaycan Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb.

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə start verilib. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində “ağıllı kənd” layihəsinin təməli qoyulub və tikinti işləri davam etdirilir. Burada hər şey sıfırdan qurulmağa başladığından nəticədə texnoloji qaydalara əməl edilən mükəmməl görünüş və infrastruktur ortaya çıxacaq. İlk mərhələdə Ağalı kəndində həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələrini əhatə edəcək. “Ağıllı kənd” layihəsi gələcəkdə onun regionun digər ərazilərində də uğurla tətbiq edilməsinə zəmin yaradacaq. Əsas məqsəd isə elektron xidmətlərdən istifadənin genişləndirilməsi, kəndlərdə və regionun ucqar ərazilərində davamlı inkişafın təmin edilməsidir.