AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsini xarakterizə edən göstəricilər sisteminin işlənilməsi” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan və məruzəsini təqdim edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev üçüncü minilliyin inkişaf ideologiyası kimi qəbul olunan qlobal informasiya cəmiyyətinin formalaşmaqda olduğu müasir dövrdə informasiya, texnologiya və biliyin dünya ölkələrinin iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi və rəqabətədavamlılıq faktoruna çevrildiyini bildirdi. Onların geniş tətbiqi nəticəsində inkişaf edən rəqəmsal iqtisadiyyatın səviyyəsinin analitik təhlilinə və qiymətləndirilməsinə ciddi ehtiyac yarandığını qeyd edərək, müzakirə olunan mövzunun aktuallığını önə çəkdi.
Məruzəçi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, BMT-nin 2030 – Dayanıqlı İnkişaf Məqsədləri haqqında (Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur), Dünya İqtisadi Forumunda IV Sənaye İnqilabının çağırış və tezislərindən irəli gələn vəzifələr, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, AR Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında”, “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin Fərmanı kimi milli və beynəlxalq sənədlərin mövzunun aktuallaşmasında mühüm rol oynadığını nəzərə çatdırdı.
O, 1990-cı illərin əvvəllərindən başlayaraq, informasiya-kommunikasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif aspektlərini, o cümlədən iqtisadi bazası, platforması olan informasiya iqtisadiyyatının inkişaf səviyyəsini ölçmək məqsədilə aparılmış tədqiqatlar, həmin araşdırmalarda istifadə edilmiş müxtəlif axtarış üsulları, verilənlər bazası və ölçmə vasitələri barədə danışdı.
Rəqəmsal iqtisadiyyatın ölçülməsi göstəriciləri və indekslərindən söz açan məruzəçi Azərbaycanın Qlobal Rəqabətlilik İndeksi və sub-indeksləri üzrə göstəricilərini təqdim etdi, indikatorlar sisteminin yaradılması mərhələləri və onlara qoyulan tələblər haqqında məlumat verdi.
“Rəqəmsal iqtisadiyyatın ölçülməsi göstəricilərinin işlənilməsi və onun Kompozit İndeksinin təklif olunması IV Sənaye İnqilabının tələblərinin rəqəmsal iqtisadiyyatda tətbiqi nəticəsində səmərəli nəticələrə nail olmaq səviyyəsinin təhlilinə elmi dəstək xarakteri daşıyır. Aparılan araşdırma və təhlillər onu qeyd etməyə əsas verir ki, baxılan indekslərin heç biri rəqəmsal iqtisadiyyatın hərtərəfli qiymətləndirməsini həyata keçirməyə qadir deyil. Kompozit indekslər ölkələrin və onların iqtisadiyyatının kompleks xarakteristikasını təhlil və təqdim etməyə imkan verən, qəbul edilmiş vasitədir. Kompozit indekslərin işlənilməsi və daha da təkmilləşdirilməsi müasir dövrün tələbidir”, – deyə dosent Ə.Əliyev bildirdi.
Dosent Ə.Əliyev rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin ölçülməsi üzrə tədqiqatlar, rəqəmsal iqtisadiyyatın ölçülməsi göstəriciləri və indeksləri, indikatorlar sisteminin yaradılması mərhələləri, onun yaradılmasına qoyulan tələblər, elmi problemin təqdim olunma mənbələri haqqında ətraflı məlumat verdi.
Qeyd etdi ki, müəyyən göstəricilər üzrə verilənlərin çatışmazlığı ilə bağlı problemlərin aradan qaldırılması üçün qlobal reytinqi tərtib edən beynəlxalq təşkilatlar standartlara uyğun obyektiv verilənlərin təqdim edilməsində və statistikasının təhlilində ölkələrin yerli xüsusiyyətlərini nəzərə almağa çalışmalıdırlar.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.