Ən yaxşı məruzəyə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlı I yerə layiq görülüb.
27-28 aprel 2021-ci il tarixlərdə Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçirilib. İnstitutun doktorantı Orxan Vəlixanlı “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2021” konfransı çərçivəsində baş tutan “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri” bölməsi üzrə təqdimatla çıxış edib.
O.Vəlixanlı “Proqram məhsullarına olan hücumların müdafiəsi üsullarının analizi” adlı məruzəni təqdim edərək, hücumlar və onlara qarşı istifadə olunan mövcud müdafiə yolları haqqında məlumat verib. Məruzədə proqram məhsullarını hədəf alan hücumların sayının getdikcə artdığı və bunun nəticəsində dəyən ziyanın milyard dollarlarla olduğu vurğulanıb. Proqram məhsullarının müdafiəsi üsullarının analizi iki istiqamət - həm avadanlıq, həm də proqram təminatı üzrə araşdırılıb.
O, həmçinin proqramın vacib hissələrinin şifrələnməsi, yaddaş dampına (ing. memory dump) qarşı müdafiə üsulları, proqramda istifadə olunan dəyişənlərin və funksiyaların adlarının xüsusi vasitələrlə dəyişdirilməsi kimi proqram əsaslı müdafiə tədbirləri haqqında məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb. Elektron kilid, smart-kart, aparat təhlükəsizlik modulu mexanizmlərinin avadanlıq əsaslı müdafiə tədbirləri olduğunu söyləyib.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş II Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları onlayn formada təşkil olunub. Beynəlxalq səviyyədə keçirilən konfranslarda Azərbaycanın təhsil və elmi-tədqiqat müəsissələrindən, həmçinin Sahand Texnologiya Universiteti, Orta Doğu Texniki Universiteti Şimalı Kipr Kampusu, Ostin Texas Universiteti, Qazaxstan-Britaniya Texniki Universiteti kimi xarici ölkə universitetlərindən də tezislər təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.