Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, FTEB-in Elmi şurasının sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə Tədbirlər planı haqqında məlumat verib.
Alim qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamında qeyd edildiyi kimi, “Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür”.
Lütfi Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.
Rasim Əliquliyevin sözlərinə görə, AMEA-nın və Təhsil Nazirliyinin birgə Tədbirlər planı özündə Web of Science bazasında indeksləşənölkəmizdə yeganə impakt faktorlu “Applied and Computational Mathematics” jurnalının “Fuzzy logic and its application to modelling epidemies: Co-ronavirus and beyond” mövzusunda, eləcə də “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının “Fuzzy Sets in Dealing with Imprecision and Uncertainty: Past and Future” mövzusunda xüsusi buraxılışlarının nəşr olunmasını əks etdirir.
Tədbirlər planında, həmçinin Elm TV və “Təhsil” İnternet televiziyalarında dünya şöhrətli alimin həyatı və elmi yaradıcılığına həsr olunmuş silsilə verilişlərin təşkil edilməsi, science.az veb-portalında, “Elm”, “Azərbaycan müəllimi” qəzetlərində, “Azərbaycan məktəbi” jurnalında məqalələrin dərc edilməsi, digər mühüm tədbirlərin həyata keçirilməsi yer alıb.
Qeyd edək ki, professor Lütfi Zadənin adının Bakı şəhərində Texniki-humanitar liseyə verilməsi, xatirə lövhəsinin yaşadığı binanın üzərində yerləşdirilməsi, eləcə də dahi alimin adına poçt markalarının hazırlanması haqqında müvafiq vəsatətlərin qaldırılması nəzərdə tutulur. Həmçinin alimin həyat və yaradıcılığına dair elmi-populyar məqalələr hazırlanacaq, alimlərin müsahibələri, çıxışları təşkil olunacaq, eyni zamanda, sosial media və KİV-də işıqlandırılacaq.
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi çərçivəsindəməktəblilər arasında beynəlxalq riyaziyyat və informatika olimpiadasının keçirilməsi, onun həyat və yaradıcılığına həsr olunmuş multi-media resurslarının hazırlanması və İnternetdə (YouTube, Wikipedia və s.) yerləşdirilməsi, təhsil müəssisələrində real və virtual sərgilərin təşkil olunması da gözlənilir.
Akademik Rasim Əliquliyev diqqətə çatdırıb ki, Tədbirlər planında göstərilən işlərin həyata keçirilməsi məqsədi ilə həm AMEA-da, həm də Təhsil Nazirliyində müvafiq işçi qrup yaradılıb. Qeyd edib ki, professor Lütfi Zadənin 100 illiyinə həsr edilmiş “Applied and Computational Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics” jurnallarının xüsusi buraxılışları, həmçinin AMEA-nın müxbir üzvü, Qorxmaz İmanovun “İqtisadiyyatda qeyri-səlis modellər” adlı monoqrafiyasıartıq işıq üzü görüb. Onların hər biri dünya elminə, Lütfi Zadə irsinin tədqiqi və təbliği istiqamətində aparılan araşdırmalara verilən mühüm töhfədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.