“Layihələrin idarə edilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

30 Aprel 2021 - 12:28 | Yeni nəşrlər
“Layihələrin idarə edilməsi” adlı dərs vəsaiti işıq üzü görüb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayevin müəllifi olduğu “Layihələrin idarə edilməsi” adlı dərs vəsaiti çap olunub.

Kitabda layihələrin idarə olunması prinsipləri, təriflər və anlayışlar, metodlar və struktur modellər, innovasiya və kreativ texnologiyalar, Layihələrin İdarə edilməsi Beynəlxalq Assosiasiyasının yaratdığı Beynəlxalq Kompetensiyanın Əsasları və layihələrin idarə edilməsi üzrə ISO-21500 standartları öz əksini tapmışdır. Eyni zamanda, layihələrin idarə edilməsində genetik model anlayışı və təşkilatların inkişaf proqramlarının genetik modellər əsasında idarə edilməsi nəzəriyyəsi, layihələrin idarə edilməsində insan faktorları, layihə ofisinin yaradılması, habelə layihə komandasının formalaşdırılmasında xüsusi tələblər göstərilmişdir.

Kitab layihələrin idarə edilməsi sahəsində işləyən mütəxəssislər, layihə menecerləri, layihə rəhbərləri, layihə ofisinin işçiləri, müəllimlər, aspirantlar, magistr pilləsinin tələbələri, elmi işçilər və layihələrin idarə edilməsi üzrə sertifikatlaşdırma proqramlarının dinləyiciləri üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, professor İqbal Babayev layihələrin idarə olunması sahəsində  7 monoqrafiya, 13 dərslik, 100-dən çox elmi-metodiki işin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.