AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin “İnternetin strukturu və idarəolunması” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi Tural Mustafayev öncə internet siyasətini həyata keçirən “İnternetSociety”, “İnternet Assigned Numbers Authority (IANA)”, “İnternet Governance Forum (IGF)”, “Ripe Network Coordination Centre (RNCC)”, “İnternet Corporation for Assigned Names and Numbers (İCANN)” və s. təşkilatlar haqqında danışdı.
İCANN təşkilatı barədə ətraflı məlumat verən məruzəçi bildirdi ki, ABŞ-ın çoxsaylı tərəfdaş qrupu, İnternetin ədədi sahələri ilə əlaqəli müxtəlif məlumat bazalarının saxlanılması və prosedurlarının əlaqələndirilməsindən, sabit və təhlükəsiz fəaliyyətinin təmin edilməsindən məsul olan təşkilatdır. Qeyd etdi ki, İCANN-ın əsas ideologiyaları konsensus əsaslı proseslər yolu ilə öz missiyasına uyğun siyasət hazırlamaq, qlobal İnternet cəmiyyətinin geniş təmsilçiliyinə nail olmaq, rəqabəti təşviq etmək və İnternetin əməliyyat sabitliyinin qorunmasından ibarətdir.
O, IANA barədə də ətraflı məlumat verdi. Diqqətə çatdırdı ki, bu təşkilat qlobal İP ünvanların və avtonom sistemlərin nömrələnmə (autonomous numbering allocation) paylanmasını, Domen Adı Sistemində (DNS) root zone idarəetməsini, media tipləri və digər İnternet protokolu ilə əlaqəli simvollar və İnternet nömrələmə sistemlərinə (İnternet Numbering) nəzarət edir.
Sonra məruzəçi digər internet təşkilatı olan “Public Technical Identifiers (PTI)” haqqında danışdı. Bildirdi ki, PTI IANA-nın funksiyalarını yerinə yetirir: “Təşkilat 2016-cı ildə ICANN-a birləşdirildi və həmin ilin oktyabrından etibarən İCANN adından IANA təşkilatının funksiyalarını həyata keçirməyə başlayıb.”
RNCC təşkilatı barədə məlumat verən tədqiqatçı söylədi ki, RIPE icması tərəfindən tövsiyə olunan və qəbul edilən hər hansı sənəd, təklif, prosedur və ya siyasət RIPE Document Store-da onlayn yerləşdirilir. RIPE iclasları ildə iki dəfə RIPE NCC xidmət sahəsi boyunca fərqli yerlərdə keçirilir. İclaslar İnternet Servis provayderləri (ISP), şəbəkə operatorları, hökumət nümayəndələri, tənzimləyicilər və digər maraqlı tərəflərin müvafiq məsələləri, inkişafları və siyasətləri müzakirə etmək üçün bir araya gəldikləri beş günlük tədbirdir.
Sonra məruzəçi domen adları ilə bağlı məlumat verdi. Qeyd etdi ki, IANA iyerarxik olaraq Domen Adı Sisteminin (DNS) üst hissəni təşkil edən root name serverlərdəki data-nın idarəetməsinə nəzarət edir. Bu tapşırıq üst səviyyə domen olan “Register of Record’s”, root nameserver operatorları və ICANN-in siyasət hazırlama aparatı ilə kommunikasiyanı əhatə edir.
T.Mustafayev eyni zamanda milliləşdirilmiş domen adlarının qeydiyyata alınması qaydalarından və milli domen adlarına müraciət prosedurundan da söhbət açdı.
Məruzəçi gələcəyin İnterneti ilə bağlı trend texnologiyaları da sadaladı. Bunlara misal olaraq, Əşyaların İnterneti (IoT), 5G, kvant hesablamalar, süni intellekt, rəqəmsal pul vahidləri, onlayn və distant təhsil, fiber optik 400G, İnformation Centric Network (ICN) daxildir.
“5G texnologiyasının problemlərinə infrastruktur, tənzimləmələr, təhlükəsizlik və məxfilik aiddir”, - deyərək o sözünə davam etdi.
Daha sonra T.Mustafayev süni intellekt və onun qarşısında duran problemləri diqqətə çatdırdı. Qeyd etdi ki, süni intellektə dronlar, dinamik xəritələr və naviqasiya tətbiqləri, üz aşkarlama və tanıma mexanizmləri, çatbotlar, rəqəmsal köməkçilər, onlayn ödəmələr və s. onun qarşısında duran problemlərə isə hesablama gücü, hüquqi, təhlükəsizlik məsələləri və s. aiddir.
Məruzəçi vurğuladı ki, rəqəmsal pul vahidləri ilə bağlı qarşıda duran problemlər saxta ödənişlər, manipulyasiya, məlumatların oğurlanması, embarqo və sanksiyaladın aşkarlanmasıdır.
“Onlayn və distant təhsil ilə bağlı qarşıda duran problemlərə isə tənhalıq hissi, kompüter qarşısında keçirilən vaxt, qoşulma, sürət, texnologiya, imtahan prosesi çətinliyi daxildir,” – deyə məruzəçi əlavə etdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. İnstitutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov İnternetin strukturu və idarəolunması ilə bağlı tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.