Beynəlxalq akademik bazaların elmi jurnallar üçün qoyduğu tələblərə dair müzakirələr aparıldı

21 Aprel 2021 - 12:22 | Konfranslar, İclaslar
Beynəlxalq akademik bazaların elmi jurnallar üçün qoyduğu tələblərə dair müzakirələr aparıldı

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmmetriya saatı” interaktiv seminarının onlayn iclası keçirildi.

Tədbirdə 12 saylı şöbənin əməkdaşları - böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və kiçik elmi işçi Firudin Əsgərovun “Azərbaycan elmi jurnallarının “Web of Science” beynəlxalq akademik bazasında təmsilçilik məsələləri” adlı birgə məruzəsi təqdim olundu.

Məruzəni təqdim edən R.Həsənova “Web of Science” beynəlxalq akademik bazasının jurnal qiymətləndirmə prosesi barədə məlumat verdi və 24-ü keyfiyyət, 4-ü təsir meyarı olmaqla, ümumilikdə, 28 meyar haqqında məlumat verdi.

O, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən nəşr olunan jurnalların bu tələblərə hansı səviyyədə cavab verdiyinin araşdırıldığını söylədi, “Web of Science” bazasına daxil olmuş Azərbaycan jurnallarının siyahısını təqdim etdi.

Məruzəçi, həmçinin “Scopus” beynəlxalq akademik bazasının jurnal üçün qoyduğu minimal tələbləri diqqətə çatdırdı.

Sonra müzakirələr aparıldı, qeyd olunan tələblərin broşür şəklində hazırlanması və institutun elmi jurnallarının redaktorlarına təqdim edilməsi ilə bağlı qərar qəbul olundu.

Daha sonra şöbənin digər əməkdaşı, institutun dissertantı və böyük elmi işçi Nərmin Adıgözəlova “İnformasiya Texnologiyaları İnstitutu “Web of Science” bazasında” adlı məruzə ilə çıxış etdi. İnstitutda əməkdaşlar üçün Elektron Kitabxana Mərkəzindən “Web of Science” elmi bazasına daxil olmaq imkanının mövcud olduğunu bildirdi, bazanın əvvəlki və yeni versiyalarının interfeysi haqqında məlumat verdi. “Web of Science” bazasının “Core Collection” bölməsinin analiz edildiyini, burada mövzu, müəllif, dil və təşkilat üzrə axtarış etməyin mümkün olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, yeni versiyada institutun adını daxil edərək təşkilat üzrə axtarış sorğusu verdikdə bu elmi müəssisədə fəaliyyət göstərən tədqiqatçıların elmi bazada dərc edilmiş məqalələrinin sayını görmək olar.

Məruzəçi institut alimlərinin elmi əsərlərinin “Core Collection” bölməsində 2005-ci ildən etibarən dərc olunduğunu söylədi. Bildirdi ki, burada hər bir müəllifin məqalələrinin sayı, h-indeksi, istinadlarının sayı və s. haqda məlumatı əldə etmək mümkündür.

O, həmçinin “Web of Science” elmi bazasının “Core Collection” bölməsinə daxil olan elmi əsərlərin illər, istiqamətlər, müəlliflər, jurnallar, nəşriyyatlar, ölkələr, alt kateqoriyalar, aldığı istinadlar üzrə paylanmasını əks etdirən qrafikləri təqdim etdi.

Sonda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, bu kimi qiymətləndirmələrin institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını nəzərə çatdırdı. Bu baxımdan, müntəzəm olaraq, institutun müxtəlif elmi bazalarda təmsilçilik məsələləri üzrə göstəricilərinin monitorinqinin aparılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.