NATO-nun dəstəyilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri davam etdirilir

14 Aprel 2021 - 00:46 | Konfranslar, İclaslar
NATO-nun dəstəyilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri davam etdirilir

Xəbər verdiyimiz kimi, 27-29 oktyabr 2021-ci il tarixlərində AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. 3 gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

İnstitutda  NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işlərinin müzakirəsinə həsr olunmuş növbəti onlayn görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, layihənin həmdirektoru, professor Jacek Gajewski və hər iki tərəfdən əlaqədar əməkdaşlar iştirak ediblər.

Görüşdə hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qruplarının tərkibi və vəzifələri müzakirə edilib. Konfransın onlayn açılışı ilə bağlı ssenari, dəvət olunacaq əsas qonaqların və məruzəçilərin ilkin siyahıları dəqiqləşdirilib.

Onlayn tədbirdə, həmçinin konfransın veb-saytının ilkin layihəsinə baxılıb, konfransın əsərlərinin NATO-nun “Science Series” rubrikasında çapa hazırlanması üçün redaktorlar qrupunun tərkibi müzakirə edilib. Beynəlxalq tədbirin təşkili üzrə onlayn müzakirələrin intensivləşdirilməsi və texniki dəstək qrupunun ayrıca onlayn görüşlərinin keçirilməsi qərara alınıb.

Görüşdə çıxış edən akademik R.Əliquliyev sənaye idarəetmə sistemlərinin ölkənin kritik infrastrukturlarının əsasını təşkil etdiyini nəzərə alaraq, belə sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsinin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Akademik ölkənin bu sahə üzrə aparıcı alimlərinin konfransa öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Akademik R.Əliquliyev konfransı təşkil edən hər iki qurum arasında birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.