Azərbaycan Universitetində Gənc tədqiqatçıların IV respublika elmi konfransı keçirilib. Konfransın işi mövcud ekstremal şəraitə uyğun olaraq zoom platforması üzərindən onlayn formatda təşkil olunub. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunub.
Konfransı açılış nitqi ilə universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açaraq konfransın işinə 100-dən çox tezis qəbul olunduğunu bildirib və öz elmi nəticələrini Azərbaycan Universitetinə təqdim etdikləri üçün müəlliflərə təşəkkür edib. Prorektor qeyd edib ki, gənc tədqiatçıların ənənəvi elmi konfransı bu il çox əlamətdar bir dövrə təsadüf edir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə həmyaşıd olan Azərbaycan Universiteti bu il 30 illiyini qeyd edir. Ölkəmizin ali təhsil məkanında xüsusi yeri olan Azərbaycan Universiteti daim yüksək hədəflərə fokuslanır. Digər əlamətdar hadisə isə xalqımızın Vətən Müharibəsində əldə etdiyi möhtəşəm hərbi qələbədir. Bu qələbənin ardından iqtisadi-siyasi sferada abadlıq, quruculuq, böyük qayıdış fazası başlayıb ki, bu dövr Azərbaycan təhsilinin və elminin qarşısında böyük vəzifələr qoyur. Bu fazada da uğur əldə etmənin yolu bu vəzifələrin öhdəsindən layiqincə gəlməkdən keçir.
Konfransın plenar məruzəçisi AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev “Azərbaycan folklorşünaslığı yeni elmi paradiqma və reallıqlar qarşısında: İnternet folkloru problemi” mövzusunda çıxış edib. Plenar məruzədə virtual mühitdə meydana gələn folklor yaradıcılığının özünəməxsusluğu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorda baş verən dəyişikliklər, yaranan yeni ənənə və davranışların, o cümlədən internetdə cərəyan edən folklor proseslərinin araşdırılması və analizinə həsr olunub.
Plenar məruzənin ardından ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıların iqtisadiyyat, humanitar, sosial elmlər və ikt sahələrində konfransa təqdim etdikləri tezislərin təqdimatları dinlənilib.