Azərbaycan elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri müzakirə olunub

13 Aprel 2021 - 11:16 | Konfranslar, İclaslar
Azərbaycan elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirilib. 

Seminarda şöbənin əməkdaşları, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və kiçik elmi işçi Firudin Əsgərovun həmmüəllifi olduqları “Azərbaycan elmi jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri” adlı məruzə təqdim olunub.

Bu barədə R.Həsənova çıxış edərək beynəlxalq akademik “Web of Science” bazasının jurnal qiymətləndirmə prosesi barədə məlumat verib və 24-ü keyfiyyət, 4-ü təsir meyarı olmaqla ümumilikdə 28 meyarı sadalayıb.

O, İnformasiya Texnologiyaları İnstitutu tərəfindən nəşr olunan jurnalların bu tələblərə hansı səviyyədə cavab verdiyinin araşdırıldığını söyləyib, “Web of Science” bazasına daxil olmuş Azərbaycan jurnallarının siyahısını təqdim edib.

Həmçinin “Scopus” beynəlxalq akademik bazasının jurnal üçün qoyduğu minimal tələbləri diqqətə çatdırıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib. Qeyd olunan tələblərin broşür şəklində hazırlanması və jurnalın redaktorlarına təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.