ABŞ-ın "Amazon" şirkəti Kembricdə (Böyük Britaniya) bağlamaların çatdırılması məqsədilə pilotsuz təyyarələri sınaqdan keçirməyi planlaşdırır. Bu barədə məlumatı The Financial Times yazıb. Qəzetin məlumatına görə, şirkət hələ ötən il Prime Air xidmətinin işə salınması barədə qərara gəlmişdir. Layihənin məqsədi bağlamaları milyonlarla müştəriyə sifarişdən dərhal sonra, yarım saat ərzində çatdırmağı nəzərdə tutur.
www.gazeta.ru saytının məlumatına görə, hazırda "Amazon" Kembricdə Evi Technologies startapına vakansiyalar elan edib. ABŞ internet-nəhəngi Prime Air layihəsiylə bağlı olan bu şirkəti iki il əvvəl alıb. Evi Technologies pilotla və ya pilotsuz idarə olunan uçuş qurğularında vətəndaş və ya hərbi aviasiya sahəsində ən azı 5 il iş təcrübəsi olan mühəndis və ekspertləri dəvət edir.
Ümumiyyətlə, son 5 ildə "Amazon" Böyük Britaniyada öz fəaliyyətini genişləndirmişdir. Şirkətin London və Edinburq şəhərlərində mərkəzləri yerləşir.
"Amazon", həmçinin bağlamaların çatdırılması üçün taksiləri sınaqdan keçirir. Bildirilir ki, Deutsche Post DHL dərmanları da pilotsuz təyyarələrdə çatdırmaq qərarına gəlib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.