Ramiz Alıquliyev informatika sahəsində dünyada tanınan alimdir

21 Mart 2021 - 23:00 | Yubileylər
Ramiz Alıquliyev informatika sahəsində dünyada tanınan alimdir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevin 60 illik yubileyi ilə bağlı müzakirələr aparıldı.

Tədbirdə institutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək, yubilyarın elmi fəaliyyətinə dair ümumi məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, alim daim həmkarlarına dəstək olur, biliklərini paylaşmaqdan zövq alır, institutda təşkil olunan müxtəlif elmi tədbirlərin təşkilində yaxından iştirak edir.

R.Ələkbərov Ramiz Alıquliyevin institutun alim və mütəxəssislərinin məqalələrinin nüfuzlu xarici jurnallarda çap olunmasında rolu və dəstəyindən söz açdı. Onun elmi savadı və əməksevərliyi sayəsində dünyada “İnformasiya və kommunikasiya texnologiyaları” istiqaməti üzrə çalışan ilk 1.16% alimlərin sırasında yer aldığını, informatika sahəsində Azərbaycanda və dünyada tanınan alimlərdən olduğunu nəzərə çatdırdı.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev yubilyarın zəngin elmi və praktiki fəaliyyətindən söz açdı. Onun əldə etdiyi mühüm nailiyyətləri ilə hər zaman rəhbərliyin diqqət mərkəzində olduğunu dedi.

Akademik institutun çoxillik fəaliyyətində və inkişafında müstəsna xidmətləri olan R.Alıquliyevə xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlərin ona bütövlükdə AMEA-da böyük nüfuz və etimad qazandırdığını bildirdi. Yüksək intellektə və parlaq zəkaya malik alimin keşməkeşli, mübarizə dolu və şərəfli elm yolunun gənclərə örnək olduğunu söylədi.

R.Əliquliyev çıxışının sonunda yubilyarı AMEA rəhbərliyi və institutun kollektivi adından təbrik etdi, ona möhkəm can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzuladı.

Daha sonra institutun digər alim və mütəxəssisləri Ramiz Alıquliyevi ürəkdən təbrik etdilər, alimlə bağlı xatirələrini və düşüncələrini bölüşdülər. Onun əsl elm fədaisi olduğunu, sadəliyi, xeyirxahlığı və səmimiyyəti ilə kollektivdə böyük hörmət və rəğbət qazandığını ifadə etdilər.

Sonda Ramiz Alıquliyev çıxış edərək, həmkarlarına xoş sözlərə görə təşəkkür etdi. Elmi fəaliyyətində qarşılaşdığı çətinliklərdən danışan alim bütövlükdə həyat yolunun elmlə sıx bağlı olduğunu, ömrünü elmi fəaliyyətə həsr etdiyini söylədi.

O, Akademiyada və institutda dəyərli alimlərlə çiyin-çiyinə çalışmaqdan son dərəcə məmnun olduğunu, Azərbaycan elminin inkişafı istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.