AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevin 60 yaşı tamam olur.
R. Alıquliyev 20 mart 1961-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1983-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir.
1983-1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda, 1988-2002-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 2003-cü ildən isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərir.
Ramiz müəllim fəlsəfə doktoru (fizika-riyaziyyat elmləri) dissertasiyasını “1211.01 – Diferensial tənliklər” ixtisası üzrə, doktorluq (texnika elmləri) dissertasiyasını isə “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə müdafiə etmişdir.
O, 2017-ci ildə İnformatika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
Alimin əsas tədqiqat isiqamətlərinə data mining, big data analitika, text mining, sosial şəbəkələrin və elektron dövlətin analizi, elmmetriya, paylanmış hesablamalar, neyron şəbəkələr, evolyusion alqoritmlər və s. daxildir.
R. Alıquliyev 215 elmi əsərin müəllifidir. Onlardan 147-si ABŞ, Almaniya, Böyük Britaniya, Cənubi Koreya, Çin, Fransa, İsveçrə, Niderland, Sinqapur və s. ölkələrin nüfuzlu jurnallarında dərc edilmişdir. “Web of Science” bazasında indeksləşən əsərlərinin sayı 97, “Scopus” bazasında indeksləşən əsərlərinin sayı isə 75-dir. Əsərlərinə 2275 istinad edilmişdir və h-indeksi 25-ə bərabərdir.
Məqalə və istinadların sayına görə onun adı 2020-ci ildə Stenford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% aliminin reytinq siyahısına daxil edilmişdir.
29 yanvar – 7 fevral 2019-cu il tarixində Avstraliya Federasiya Universitetində dəvətli professor kimi çalışmışdır.
11 jurnalın redaksiya heyətinin üzvüdür. Müxtəlif ölkələrdə (ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Yaponiya, İspaniya və s.) keçirilən 25-dən çox beynəlxalq konfransın proqram və təşkilat komitəsinin üzvü olmuşdur. R. Alıquliyev həmçinin “Web of Science” və “Scopus” bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.
Ramiz müəllimin rəhbərliyi altında 3 fəlsəfə doktoru və 3 magistr hazırlanmışdır. Hazırda o, 6 doktorant və dissertantın, 2 magistrın elmi rəhbəridir.
Prezident İlham Əliyevin 6 fevral 2014-cü il tarixli Sərəncamı ilə alim Azərbaycanda informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2005-ci ildə isə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.
Onun “Knowledge-Based Systems” jurnalında çap etdirdiyi məqaləsi 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirdiyi “3-cü birgə İKT üzrə mükafat müsabiqəsi”ndə ən yaxşı elmi işlərə görə 1-ci yerə layiq görülüb.
R. Alıquliyev Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində Dövlət İmtahan Komissiyasının sədridir.
Ölkəmizdə riyaziyyat və informatikanın inkişafı istiqamətində mühüm elmi nəticələrin müəllifi olan Ramiz müəllim, təkcə elmi fəaliyyəti ilə deyil, həm də öz şəxsi keyfiyyətləri, zəhmətsevərliyi və bacarıqlı elm təşkilatçılığı ilə fərqlənən alimlərdəndir. O, institutun ictimai həyatında yüksək təşəbbüskarlıq nümayiş etdirməklə, alim həmkarları, eyni zamanda bütün institut əməkdaşları arasında böyük nüfuz və hörmət qazanmışdır.
Ramiz müəllim gənc tədqiqatçıların yüksəkixtisaslı kadr kimi formalaşmasına, onların elmə cəlb olunmasına hər zaman böyük qayğı və həssaslıqla yanaşır, institutda təşkil olunan müxtəlif elmi tədbirlərin təşkilində yaxından iştirak edir.
Hörmətli Ramiz müəllim! Sizi İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı və elmi yaradıcılıq uğurları arzu edirik!