AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev 17 mart 2021-ci il tarixdə Moskva Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəb”inin Dünya iqtisadiyyatı və beynəlxalq siyasət fakültəsinin və Almaniyanın Moskvadakı Elm və İnnovasiya Cəmiyyətinin təşkilatçılığı ilə “Dünya iqtisadiyyatının yaşıl transformasiyası: Rusiya və Almaniya təcrübəsinə baxış” mövzusunda keçirilən onlayn beynəlxalq elmi forumda iştirak edib.
Əvvəlcə Almaniyanın Moskvadakı səfirliyinin İqtisadiyyat və elm departamentinin direktoru Mattias Fişer forum iştirakçılarını salamlayaraq dünya iqtisadiyyatının yaşıl transformasiyasına həsr olunmuş mövzunun dünya dövlətləri üzrə aktuallığını diqqətə çatdırıb. Sonra Moskva Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəb”inin dünya iqtisadiyyatı və beynəlxalq siyasət fakültəsinin dekanı, proffessor Karaqanov S.A. və Almaniyanın Moskvadakı Elm və İnnovasiya Cəmiyyətinin direktoru Andreas H. çıxış edərək mövzu ilə bağlı forum iştirakçılarına ətraflı məlumat veriblər.
Elmi forumda ekoloji problemlərin dünya iqtisadiyyatının inkişafında əsas amillərdən birinə çevrilməsi, yaşıl texnologiyaların sürətli inkişafı, Avropada “yaşıl” transformasiya proseslərinin idarə edilməsinə öz töfhəsini verən Avropa Birliyi və Almaniyanın inkişafı üçün prioritet sahələrdən birinə çevrilməsi məsələləri diqqətə çatdırılıb. Son dövrlərdə COVID-19 pandemiyasının yaratdığı böhranın Avropa problemləri haqqında məlumatlar qeyd olunub. Dünyanın digər inkişaf etmiş ölkələrində olduğu kimi son illərdə Rusiyada da yaşıl texnologiyaların sürətli inkişafına daha çox diqqət yetirilməsi vurğulanıb.
Beynəlxalq elmi forumda əsasən Rusiya və Almaniyanın bu problemlərin həllində hansı yanaşmaları və həlləri təklif etmələri, Rusiya və Avropa Birliyi ölkələri üçün iqlim dəyişikliyi və digər ekoloji problemlərlə mübarizədə ümumi həll yanaşmalarını, təkliflərini inkişaf etdirməyin mümkünlüyü, COVID-19 pandemiyasının hər iki ölkənin iqlim dəyişikliyinə, ekoloji vəziyyətinə necə təsir etməsi və s. kimi məsələlərə baxılıb.
Forumda Rusiya və Almaniyanın enerji və iqlim siyasətinin əsas xüsusiyyətləri, bu sahədə mövcud olan strategiyalar və proqramlar, dünya iqtisadiyyatının “yaşıl” transformasiyası keçidinin Almaniya və Rusiyanın sosial-iqtisadi inkişafına təsiri, böhrandan sonrakı bərpa və “yaşıl” transformasiyanı birləşdirməyin mümkünlüyü və s. kimi məsələlər də müzakirə olunub.
Elmi forumdakı müzakirələrdə iştirak edən dosent Əlövsət Əliyev qloballaşma və inteqrasiya şəraitində yaşıl iqtisadiyyatın formalaşdırılması zərurətinin, yaşıllaşdırma prosesinin iqtisadi inkişafda yeni mərhələ kimi vacibliyini qeyd edib. Dünya iqtisadiyyatının yaşıllaşdırılmasında, onun “yaşıl” transformasiyasına keçiddə rəqəmsal texnologiyaların əhəmiyyətini diqqətə çatdırıb. Yaşıl iqtisadiyyatdan yaşıl informasiya iqtisadiyyatına keçid sahəsində, həmçinin davamlı yaşıl iqtisadiyyatın formalaşması mexanizmlərinin və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi ilə bağlı fikir və təkliflərini səsləndirib.
Forum iştirakçıları institutlararası beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və birgə tədqiqatların aparılmasında maraqlı olduqlarını bildiriblər.
Qeyd edək ki, beynəlxalq elmi forum öz işini bölmələr üzrə 2 gün davam etdirəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.