Akademik Rasim Əliquliyev: “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir”

19 Fevral 2021 - 17:43 | Konfranslar, İclaslar
Akademik Rasim Əliquliyev: “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir”

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn elmi seminarında çıxış etdi. 

Bu günün qeyd olunmasının əhəmiyyətini önə çəkən alim bildirdi ki, hazırda qlobal dünyada elə proseslər gedir ki, bəzi dillər daha çox istifadə olunur, nisbətən geniş yayılmayan dillər isə sıradan çıxmaq üzrədir.  “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir” deyən alim müasir dövrdə bu məsələ ilə bağlı dünyada ciddi narahatlıqların olduğunu, bir çox dövlətlərin və alimlərin həyəcan təbili çaldığını dedi.

Bəzi xalqların özünün identikliyini itirmə təhlükəsi ilə üz-üzə olduğunu deyən akademik, cəmiyyətdə multikultural və multilinqual (çoxdilli) mühtin formalaşması, ayrı-ayrı xalqların dillərinin qorunması, həmin dillərdə təhsilin həyata keçirilməsinin müasir dövrdə aktuallıq kəsb etdiyini diqqətə çatdırdı.

Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan alim, Ulu Öndərin Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söylədi.

Akademik R.Əliquliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dilimizin inkişafı, orijinallığının qorunub saxlanması və nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərdiyini, bu sahədə məqsədyönlü siyasət apardığını, bir sıra fərman və sərəncamlar imzaladığını bildirdi. Qeyd etdi ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur. 

Alim AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin nəzəri əsasları, tarixi və mövcud vəziyyəti, dilin qorunması və zənginləşdirilməsi ilə bağlı tədqiqatların aparıldığını, bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırdı.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumun da Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı aparılan tədqiqatlara elmi dəstək verdiyini qeyd etdi. Bu istiqamətdə İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Milli Terminoloji İnformasiya Sisteminin və terminologiya.az veb-portalının hazırlandığını xatırlatdı. 

Akademik qeyd etdi ki, dilin qorunması tək dilçinin deyil, həm də hüquq, informasiya texnologiyaları və digər sahədən olan mütəxəssislərin, alimlərin hədəfidir. Həmçinin bildirdi ki, Azərbaycan dilinin təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşımızın mühüm vəzifəsi olmalıdır.

Dilimizə müdaxilələrin artdığı, çoxlu yad sözlərin daxil olduğu bir dövrdə milli terminoloji bazamız üçün müəyyən təhlükələrin yarandığını qeyd edən institut direktoru, bu kimi problemlərin qarşısının alınması, dilimizin mühafizə edilməsi məqsədilə intellektual proqramların hazırlanmasının zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.