Mərkəzi Elmi Kitabxana AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisini hazırlayıb.
AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, redaktoru AMEA-nın müşaviri, akademik Telman Əliyev, tərtibçilər isə dosentlər Şəhla Tahirqızı, Yeganə Əşrəfova, Anar Rəhimov və Türkan Vahidovadır.
Biobiblioqrafik göstərici görkəmli riyaziyyatçı alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti, 1973-2020-ci illərdə çap olunmuş elmi əsərləri - kitabları, müxtəlif illərdə işıq üzü görmüş məqalələri, çoxsaylı beynəlxalq elmi konfrans və simpoziumlarda etdiyi məruzələri əhatə edir.
Yeni nəşr riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycanda informatika və optimallaşdırma sahəsinin görkəmli nümayəndəsi, riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim Kamil Ayda-zadə şərtli, şərtsiz, çoxmeyarlı, qlobal optimallaşdırma, həmçinin toplanmış və paylanmış parametrli sistemlərdə optimal idarəetmə məsələlərinin həlli üçün müxtəlif üsullar işləmişdir. Həmçinin o, Azərbaycan dilində nitqin və əlyazmanın tanınması, mətnin mənasının anlaşılması üçün intellektual kompüter sistemləri də hazırlamışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.