Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur

04 Fevral 2021 - 11:03 | Mühüm hadisələr
Bu gün dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur

2021-ci il fevralın 4-də dünya şöhrətli alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur.

Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulmuşdur.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində çalışmış, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. L.Zadə AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunmuşdu.

O, Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.