Prezident İlham Əliyevin portret cizgiləri: Müdrik lider, böyük strateq, qalib sərkərdə

24 Dekabr 2020 - 11:10 | Rəsmi xronika
Prezident İlham Əliyevin portret cizgiləri: Müdrik lider, böyük strateq, qalib sərkərdə

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.

AZƏRTAC xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salır. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.

Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

İqtisadi güc. Prezident İlham Əliyev 17 il ərzində
qüdrətli iqtisadiyyata malik Azərbaycan yaratdı
 

Ölkəmizin 17 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 17 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir.

Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb.

Bütün bunlarla yanaşı, son 17 ildə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 50 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir.

Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsinin qazanılmasında da əsas amillərdən oldu.

Siyasi güc. Müstəqil xarici siyasət yürütməsi Azərbaycana böyük nüfuz və dəstək qazandırdı

Azərbaycan Prezidentinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşular, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirə bildi. Burada Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformalarını xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı, Avropa İttifaqına üzv ölkələrin bəziləri ilə qurulan strateji tərəfdaşlıq əlaqələrini də vurğulamaq olar. 

Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya, həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.

Hazırda bütün dünyanı bürüyən COVID-19 infeksiyasına qarşı mübarizədə də Azərbaycan Prezidenti liderlik təşəbbüslərini öz üzərinə götürərək adını dünya tarixinə yazdırmağı bacardı. Belə ki, məhz dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının koronaovirusla mübarizəyə həsr olunan Zirvə görüşləri keçirildi. Türk Şurası bu Zirvə görüşü ilə həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Qoşulmama Hərəkatının Zirvə görüşündə isə dövlətimizin başçısı BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs də beynəlxalq birlik tərəfindən dəstəkləndi. Təxminən 20 gün əvvəl baş tutan xüsusi sessiya Azərbaycana, onun Prezidentinə beynəlxalq arenada olan böyük hörmətin təzahürüdür.

Təbii ki, düşünülmüş və konkret hədəfə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Prezident İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalarda etdiyi çıxışlarda Dağlıq Qarabağ münaqişəsi əsas mövzu oldu. Bununla yanaşı, dövlətimizin başçısı müvafiq qurumların, diplomatik missiyaların qarşısında bu məsələ ilə bağlı müvafiq tapşırıqlar qoydu və əməli addımlar atıldı, beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı. Həmçinin Azərbaycan Prezidentinin səyləri nəticəsində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirmiş oldu.

Hərbi güc. Prezident İlham Əliyevin qurduğu ordu 30 il davam edən işğala 44 gündə son qoydu

1994-cü ildə atəşkəs əldə olunduqdan sonra ulu öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri ordu quruculuğu idi. Bu istiqamət Prezident İlham Əliyevin də güclü dövlət konsepsiyasının tərkib hissəsi oldu. Peşəkar hərbi qulluqçuların hazırlanması, ordunun maddi-texniki təminatının gücləndirilməsi istiqamətində bütün lazımi addımlar atıldı.

İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi.

Bunlarla yanaşı, Ali Baş Komandan, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamına əsasən Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Bu, Azərbaycan Silahlı Qüvvələrini lazımi müasir silah və hərbi texnika ilə təmin etmək baxımında çox mühüm önəmə malik addım idi.

Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə də bu ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi.

Sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. 

“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi.

Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

 

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri