NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri davam etdirilir

09 Dekabr 2020 - 12:24 | Konfranslar, İclaslar
NATO-nun dəstəyi ilə keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri davam etdirilir

Xəbər verdiyimiz kimi, 2021-ci ilin oktyabr ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. 3 gün davam edəcək tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

Dekabrın 8-də həmin konfransa hazırlıq üzrə fəaliyyət planının müzakirəsinə həsr olunmuş onlayn görüş keçirildi. Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, layihənin həmdirektoru, professor Jacek Gajewski və hər iki tərəfdən məsul əməkdaşlar iştirak edirdi.

İclasda beynəlxalq konfransın əsas istiqamətləri və gündəliyi, hər iki tərəfin nümayəndələrindən ibarət müvafiq işçi qrupları və əlaqələndirici şəxslərin təyin edilməsi, konfransın əsərlərinin çapa hazırlanması məsələləri müzakirə olundu.

Həmçinin layihə çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda kiberfiziki sistemlərin təhlükəsizliyi üzrə ixtisaslaşmış mərkəzin yaradılması məsələsi müzakirə edildi, bir sıra təkliflər irəli sürüldü.

Professor J.Gajewski “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda keçiriləcək beynəlxalq konfransın əhəmiyyətindən söz açaraq, tədbir çərçivəsində prioritet mövzularda məruzələrin dinləniləcəyinə əminliyini bildirdi. Həmçinin təmsil etdiyi qurum tərəfindən tədbirin təşkilinə dair görüləcək işlər haqqında məlumat verdi.

Akademik R.Əliquliyev çıxış edərək son zamanlar Azərbaycan iqtisadiyyatında Sənaye 4.0 texnologiyalarının tətbiqinin genişləndiyini nəzərə alaraq, bu kimi sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsinin  strateji əhəmiyyət kəsb etdiyini vurğuladı. Alim ölkənin müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin bu işə öz töhfələrini verəcəklərinə əminliyini ifadə etdi. 

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi institut ilə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzi arasında birgə innovativ layihələrin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacib olduğunu vurğuladı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.